Azərbaycan Turizm İnstitutunun rektoru beynəlxalq konfransın plenar iclasına sədrlik etmişdir
Bakı, 9 mart (AZƏRTAC). Türkiyənin Ərzurum şəhərində birinci qış Anadolu sammiti - “Turizm, idman, biomüxtəliflik və qlobal dəyişikliklər mövzusunda birgə layihələr” adlı beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Turizm İnstitutundan (ATİ) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Türkiyə, Pakistan, Malayziya, Banqladeş, Tacikistan, ABŞ, Monqolustan, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Bosniya və Herseqovina, Hindistan və digər ölkələrdən alim, təhsil işçiləri və hökumət nümayəndələri daxil olmaqla, 150-dən çox nümayəndə iştirak etmişdir.
Bu mötəbər tədbirdə ölkəmiz nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, ATİ-nin dekanı Nəsirulla Nəsirli, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Tünzalə Yusifova və Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev daxil olmuşlar.
N.Nəsirli beynəlxalq tədbirdə aqrar turizmdə yeni istiqamətlər və Azərbaycanda onun inkişaf perspektivləri mövzusunda məruzə ilə çıxış etmişdir.
Plenar iclasların birinə ATİ-nin rektoru C.Cəfərov sədrlik etmişdir. Həmin iclasda ABŞ-ın Ohayo Dövlət Universitetinin nümayəndəsi, doktor Ceki Qudvay “Gənclər arasında idmanın təbliğinin inkişaf perspektivi”, Monqolustan Milli Universitetinin rektoru Timur-Oçir Sanjbegz “İpək Yolu və Monqolustanda turizm”, Pakistanın Preston İdarəetmə, Elm və Texnologiya İnstitutunun icraçı direktoru professor Asim Nazir Əhməd “Turizm iqtisadiyyatda davamlı inkişafın təminatçısıdır”, Qazaxıstanın Al-Farabi adına Qazax Milli Universitetinin dekan müavini, professor Erkin Kakimcanov “GİS üsulu ilə Almatıda turizm infrastrukturunun planlaşdırılması” mövzularında məruzələri dinlənilmişdir.
Azərbaycan nümayəndə heyəti sammitin təşkilatçısı olan Ərzurum Atatürk Universitetinin rəhbərliyi ilə də görüşmüş, qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparmışdır.