Azərbaycan “Türkiyə açıq səma altında muzeydir” mədəni turizm sammitində uğurla təmsil olunmuşdur
Bakı, 30 dekabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Ankarada TÜRKSOY-un təşkilatçılığı ilə “Türkiyə açıq səma altında muzeydir” adlı mədəni turizm sammiti keçirilmişdir.
Bu mötəbər sammitdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, açılış mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günayın, Ankara Böyükşəhər bələdiyyəsinin sədri Məlih Gökçekin, UNESCO-nun Türkiyə təmsilçisinin, həmçinin TURKSOY-a üzv dövlətlərin nümayəndələrinin və digər rəsmi şəxslərin iştirak etdikləri sammitdə Azərbaycanın turizm potensialına, yerli, regional və beynəlxalq mədəni turizm marşrutlarına dair təqdimat göstərilmişdir. Həmçinin ölkəmizin turizm imkanlarına həsr edilmiş reklam çarxları nümayiş olunmuşdur.
Sammit çərçivəsində təşkil edilmiş sərgidə Türkiyənin bölgə və şəhərləri, həmçinin TURKSOY-a üzv dövlətlər öz pavilyonları ilə təmsil olunmuşlar. Sərgidə 9 kvadratmetr sahədə Azərbaycanın turizm imkanlarını əks etdirən pavilyon qurulmuşdur.
Tədbirlər zamanı TRT Avaz və TRT1 televiziya kanallarına müsahibələr verilmişdir.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay və nazir müavini Özgür Özaslan Azərbaycan pavilyonunu şəxsən ziyarət etmiş və onunla yaxından tanış olmuşlar.
Nazir müavini Özgür Özaslan tərəfindən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə sertifikat təqdim edilmişdir.