Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələrinin inkişafında işçi qrupların rolu müzakirə edilib
Kiyev, 13 mart, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu ölkənin parlamentində Milli Məclis ilə əməkdaşlıq üzrə işçi qrupun üzvləri ilə görüşüb.
İşçi qrupa Ukrayna parlamentinin bütün fraksiyalarından - “Blok Petra Poroşenka”, “Narodnıy front”, “Samopomiç”, “Volya Narodu”, “Ekonomiçnıy rozvitok” partiyalarından və heç bir fraksiya üzvü olmayan deputatlar daxildir.
Görüşdə işçi qrupun sədri Roman Nəsirov Azərbaycan və Ukrayna arasında parlamentlərarası, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ölkələrimizin bir-birinin problemlərinə daha yaxından bələd olmalarına nail olunması istiqamətində işçi qrupun görəcəyi işlər barədə danışıb.
Səfir Eynulla Mədətli Azərbaycan Milli Məclisində Ukrayna Ali Radası ilə əməkdaşlıq üzrə işçi qrupun tərkibi barədə məlumat verib.
Qrup rəhbərinin müavini Sergey Taruta və digər deputatlar Ukrayna və Azərbaycan arasında tarixi dostluq əlaqələrindən, bugünkü strateji maraqlardan, üzləşdiyimiz çətinlik və çağırışlardan bəhs ediblər.
Görüşdə iştirak edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev rəhbərlik etdiyi diaspor təşkilatının fəaliyyətindən danışıb.
Zeynal Ağazadə
AZƏRTAC- ın xüsusi müxbiri
Kiyev