Azərbaycan universitetlərinin Fransanın doktorantura təcrübəsindən istifadə imkanları müzakirə edilib
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı - Nizami” Erasmus layihəsi çərçivəsində Fransanın Monpelye Universitetində olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dörd gün davam edən səfərdə əsas məqsəd cari ilin aprelində başa çatacaq layihənin sonuncu hesabatının yekunlaşdırılması üçün lazımi hazırlıq işlərinin yerinə yetirilməsi olub. Toplantıda bu istiqamətdə geniş fikir mübadiləsi aparılıb, Azərbaycanda doktorantura təhsilinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində müzakirələr aparılıb. Layihənin icrası çərçivəsində “Doktorantura məktəbləri”nin yaradılması istiqamətində Azərbaycan universitetlərinin Fransanın doktorantura məktəblərinin təcrübəsindən istifadə imkanları müzakirə edilib və bu ölkənin doktorantura məktəblərinin modeli nəzərdən keçirilib.
Müzakirələr zamanı Azərbaycanda doktorantura təhsili üzrə milli idarəetmə portalının yaradılması istiqamətində müzakirələr aparılıb və mövcud layihə iştirakçı universitetlərlə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən razılaşdırılıb.