ELM VƏ TƏHSİL
AZƏRBAYCAN VƏ ABŞ ALİMLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
Avqustun 3-də Azərbaycan Universitetində “Azərbaycan nefti və regionumuzda coğrafi-iqtisadi siyasət” mövzusunda dəyirmi masa keçirilmişdir.
Universitetin rektoru professor Səlahəddin Xəlilov tədbiri açaraq dedi ki, Azərbaycan digər Xəzəryanı dövlətlərlə münasibətlərdə düşünülmüş, reallıqlara əsaslanan, qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsiplərinə söykənən xarici siyasət yeridir, qarşıya çıxan problemləri beynəlxalq hüquq normalarına uyğun həll etməyə çalışır. O bildirdi ki, Azərbaycan və ABŞ alimləri də bu məsələlərin öyrənilməsinə səy göstərirlər.
ABŞ-ın Kolumbiya Universitetinin beynəlxalq əlaqələr departamentinin müdiri doktor Robin Levis bildirdi ki, onun ölkəsi Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və bölgədəki vəziyyəti diqqətlə izləyir. O, həmçinin dünyada gedən qloballaşma prosesi və bu konteksdə siyasi və iqtisadi amillərin əlaqəsi barədə geniş məruzə etdi.
Milli Məclisin deputatları - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev, professor Bəxtiyar Əliyev, Gültəkin Hacıyeva, habelə Azərbaycan Universitetinin prorektoru professor Yusif Rüstəmov, kafedra müdiri dosent Dünyamalı Vəliyev öz çıxışlarında bildirdilər ki, Azərbaycan dövləti bütün mübahisəli məsələlərin həmişə sülh və danışıqlar yolu ilə, beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin tərəfdarı olmuşdur.
Görüşdə Azərbaycan Universiteti ilə ABŞ-ın Kolumbiya Universiteti arasında yaxın vaxtlarda imzalanacaq üç illik əməkdaşlıq proqramı da müzakirə edildi.
Dəyirmi masada ABŞ-ın Kaliforniya Universitetinin professoru Nairə Tohidi və ABŞ-ın Bakıdakı səfirliyinin məsul əməkdaşı iştirak edirdilər.