AZƏRBAYCAN VƏ MACARISTAN TARİXİNİN FACİƏLİ SƏHİFƏLƏRİNƏ DAİR PARALELLƏR APARILMIŞDIR
Budapeşt, 20 yanvar (AZƏRTAC).Yanvarın 20-də Macarıstan Müdafiə Nazirliyinin (MN) Hərb Tarixi Muzeyinin böyük salonunda 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrin 20-ci ildönümü ilə əlaqədar “Azərbaycan və Macarıstan tarixinin faciəli səhifələrinin paralelləri” adlı tədbir keçirilmişdir. Tədbiri Azərbaycanın Macarıstandakı səfirliyi Hərb Tarixi Muzeyi ilə birlikdə təşkil etmişdir.
Azərbaycan səfiri Həsən Həsənov və Hərb Tarixi Muzeyinin direktoru, polkovnik Yojef Luqaşi giriş nitqi ilə çıxış etmişlər. Həsən Həsənov 20 Yanvar hadisələrindən, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, erməni hərbçilərinin Xocalıda soyqırımı törədərək, bütöv bir şəhəri yer üzündən silmələrindən və dövlətimizin ərazisinin 20 faizinin hələ də işğal altında qalmasından söz açmışdır. Y.Luqaşi bildirmişdir ki, Avropanın ucqar şərq dövləti olan Azərbaycan Qərblə Şərq arasında bir körpü və Macarıstana dost ölkədir. Bakı küçələrinin həmin faciəli yanvar günlərinə aid ağ-qara fonda təsvir olunduğu şəkillər tədbir iştirakçılarına 1956-cı ildə taleyinə həqiqətən ağır sınaqlar düşmüş Macarıstanın tarixinin qanlı səhifəsini - macarların müstəqillik və demokratiya uğrunda mübarizə salnaməsi olan Budapeşt hadisələrini xatırlatmışdır: “Burada oxşar hadisələr baş vermişdir. Stalinin totalitar imperiya modeli istər 1956-cı ildə, istərsə də 1990-cı ildə macarların və azərbaycanlıların azadlığa can atmaları və dinc yolla müstəqillik əldə etmək arzusu ilə barışa bilməmiş, bu mübarizəni qan içində boğmaq yolunu seçmişdir. Hər iki ölkədə ssenari oxşardır: DTK-nın təxribatları, zorakılıq, Budapeşt və Bakı küçələrinə tankların yeridilməsi və dinc sakinlərin gülləbaran edilməsi”.
Qeyd etmək lazımdır ki, bu gün 20 Yanvar faciəsinə ilk dəfə Avropada oxşar hadisələr prizmasından baxılmışdır. Beləliklə, 20 il əvvəl dinc bakılıların qətliamı 1956-cı il Budapeşt hadisələri ilə bir sıraya qoyulmuş və paralel ölçüdə təqdim olunmuşdur.
Tədbir iştirakçıları Budapeşt və Bakıda qanlı günləri əks etdirən fotoşəkillərdən, habelə uşaqların Xocalı faciəsi mövzusunda rəsmlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbirdə Macarıstan Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, MN Baş Qərargahının, Zrini adına Ali Hərbi Akademiyanın, Macarıstan Veteranlar Təşkilatının nümayəndələri, 1956-cı ildə Budapeştdə törədilmiş hadisələrin şahidləri, Türkiyə, Ukrayna, Yaponiya, Anqola, Banqladeş, Belarus, Venesuela, İndoneziya, İraq, Koreya, Pakistan, Slovakiya, Ekvador və CAR-ın bu ölkədəki səfirləri, habelə Belçika, AFR, Niderland, Qətər, İtaliya, Qazaxıstan, Küveyt, Moldova, Fələstin, Rusiya, Rumıniya, ABŞ, Tailand, Tunis, Xorvatiya və Çexiya səfirliklərinin əməkdaşları və hərbi attaşeləri iştirak etmişlər. Qonaqlar arasında həmin günlər Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatını izləyən AFFA-nın vitse-prezidenti Rauf Əliyev, baş katibi Elxan Məmmədov və başqaları da olmuşlar.
Ümumilikdə 150-dən çox adamın iştirak etdiyi tədbir Macarıstan KİV-ləri, xüsusən MTI İnformasiya Agentliyi tərəfindən geniş işıqlandırılmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
######
