Azərbaycan və Mərakeş Krallığı arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 15 fevral (AZƏRTAC). Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir müavini Nazim Səmədov ilə görüşdə Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında turizm sahəsində əməkdaşlığın perspektivləri, digər aktual məsələlər müzakirə edilmişdir.
Səfir Həsən Hami Mərakeş ilə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrin hər iki ölkəyə viza əldə edilməsinə əlverişli imkan yaratdığını, mərakeşlilərin yeni turizm məkanları axtarışında olduqlarını diqqətə çatdırmışdır. O, ölkələrimiz arasında qarşılıqlı turist axınının artırılması istiqamətində birgə fəaliyyətə başlamağın vacibliyini bildirmişdir.
Nazir müavini Nazim Səmədov dost ölkənin turizm potensialının təbliğ olunması məqsədilə Mərakeş tərəfini bu ilin aprelində Bakı şəhərində keçiriləcək “AITF -2012” Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə dəvət etmişdir.
Görüşdə, həmçinin Mərakeş Krallığının turizm şirkətləri ilə yerli şirkətlər arasında əməkdaşlığın qurulması, qarşılıqlı tanışlıq səfərlərinin və media nümayəndələri üçün infoturların təşkili məsələləri də müzakirə mövzuları olmuşdur.