Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi kökləri var
Daşkənd, 10 mart, AZƏRTAC
Azərbaycan və Özbəkistan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı müxtəlif sahələrdə əlaqələrin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyev və Özbəkistanın dövlət başçısı İslam Kərimovun adı ilə bağlıdır.
Müasir dövrdə əməkdaşlıq prezidentlər İlham Əliyev və İslam Kərimov tərəfindən uğurla davam etdirilir.
Müsahibimiz Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevdir.
- Ölkələrimiz arasında əməkdaşlıq durmadan inkişaf edir. Bu günlərdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdə oldu, mühüm görüşlər keçirildi. Əlaqələrimizin inkişafı ilə bağlı nə deyə bilərsiniz?
Azərbaycan və Özbəkistan dost və qardaş ölkələrdir. Dövlət başçıları İlham Əliyev və İslam Kərimovun siyasi iradəsi nəticəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu gün bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Nazir Şahin Mustafayevin Özbəkistana səfəri vaxtı Baş nazirin müavini Uluqbek Ruzikulov, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Eler Qəniyev, iqtisadiyyat naziri Qalina Saidova ilə görüşlər keçirilib. Danışıqlar zamanı iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi, nəqliyyat sahəsində əlaqələrin inkişafı, Özbəkistan yüklərinin Azərbaycandan keçməklə dünya bazarına çıxarılması, ticarət mübadiləsinin həcminin artırılması, Özbəkistanda istehsal edilən müxtəlif markalı avtomobillərin satışı və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Söhbətlər zamanı Daşkənddə və Bakıda ölkələrimizin milli sərgilərinin uğurla keçirildiyi vurğulanıb. Bu sərgilərdə Azərbaycanın və Özbəkistanın iqtisadi sahədəki uğurları əksini tapıb. Qeyd olunub ki, həmin sərgilərdən sonra ölkələrimiz arasında mal mübadiləsinin həcmi təxminən iki dəfə artıb və bu istiqamətdə işlər davam etdirilir. Həm Bakıda, həm də Daşkənddə yeni sərgilərin təşkili, biznes forumların keçirilməsinin vacibliyi qeyd olunub.
- Özbəkistanda çoxlu sayda Azərbaycan-Özbəkistan birgə müəssisələri fəaliyyət göstərir. Əməkdaşlığın genişlənməsində bu müəssisələrin rolunu necə dəyərləndirirsiniz?
Azərbaycan və Özbəkistan investisiya sahəsində əməkdaşlıq baxımından müəyyən uğurlar əldə edib. Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 45 birgə müəssisə fəaliyyət göstərir. Bu müəssisələr energetika, yüngül sənaye, maşınqayırma, metal emalı, sığorta, elm və təhsil, tikinti və ticarət kimi sahələri əhatə edir.
Azərbaycan kapitalının iştirakı ilə fəaliyyət göstərən müəssisələr arasında “Kimyahimayətəminat” birgə müəssisəsini, “Titan Tashkent”, “Həbib Tex”, “Business Symphony”, “Xan-Glass”, “Junior Business Trade” məhdud məsuliyyətli cəmiyyətlərini, “Şərab” elm-istehsalat müəssisəsini və digərlərini qeyd etmək olar.
Azərbaycanın “Akkord” şirkəti Özbəkistanda daha çox tanınır və bu ölkənin mətbuatında “Akkord” haqqında materiallar çap edilir. Şirkət Daşkənd-Termez avtomobil yolunun yenidən qurulması üzrə beynəlxalq layihədə iştirak edir, ölkədə hörmətlə yanaşılan tikinti şirkətlərindən biri hesab olunur. 2012-ci ildə ölkədə “Akkord Stroy Montaj” törəmə müəssisəsi rəsmi qeydiyyatdan keçib, Surxandərya vilayətinin mərkəzi Termez şəhərində ofis və düşərgə yaradılıb.
M-39 nömrəli Daşkənd-Termez avtomobil yolu Böyük İpək Yolunun bir hissəsidir, 1500 kilometrlik bir məsafəni əhatə edir. “Akkord” şirkəti isə bu magistral yolun üç sahəsində yenidənqurma işlərini uğurla həyata keçirir. Bu sahələrdə 36 körpü, 77 suötürücü və heyvan keçidi olacaq, bunların bir hissəsi hazırdır, qalan hissəsi tikilməkdədir. Bu magistral yol Almatı, Bişkek, Daşkənd və Termez şəhərlərini birləşdirir və Surxandərya vilayətindən Əfqanıstan ərazisinə keçir.
Layihənin uğurla başa çatdırılması məqsədi ilə şirkət yol-tikinti materiallarının, körpü konstruksiyalarının istehsalına, yeni yol-tikinti maşınlarının və avadanlıqların alınmasına, həmçinin “Amman” asfalt-beton zavoduna, “VARMAK” beton zavoduna, müxtəlif tikinti qurğularına sərmayə qoyur. Qısa müddətdə “Akkord” şirkəti Özbəkistanda yol-tikinti işləri, yol-tikinti materiallarının və körpü konstruksiyalarının istehsalı sahəsində qabaqcıl mövqe tutub.
Əlamətdar haldır ki, şirkət layihənin həyata keçirilməsi zamanı yeni beynəlxalq texnika və texnologiyalardan istifadə edir ki, bu da tikinti işlərinin yüksək keyfiyyətlə aparılmasına zəmanətdir.
Şirkət 600-dən artıq adamı işlə təmin edib, bunların 85 faizi yerli işçilərdir, onlara yüksək əmək haqqı verilir. “Akkord” şirkətinin Özbəkistandakı ürəkaçan fəaliyyəti ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsi prosesinə xidmət edir.
Azərbaycan şirkətinin uğurlu fəaliyyəti Özbəkistanda yaşayan soydaşlarımızı hədsiz sevindirir və yaşadığımız ölkədə Azərbaycanın layiqli təmsil olunması qürurverici haldır. Düşünürəm ki, milli şirkətlərimiz bu sahədəki səylərini bundan sonra da artırmalıdırlar.
-Özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib. Bununla bağlı fikrinizi bilmək maraqlı olardı.
Azərbaycan və özbək xalqları arasında əlaqələrin tarixi kökləri var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin Özbəkistan tərəfindən daim dəstəklənməsi məhz müstəqillik illərində ölkələrimiz arasında formalaşan münasibətlərin məntiqi nəticəsidir. Özbəkistanın dövlət başçısı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidir.
-Özbəkistanda çoxlu soydaşlarımız yaşayır. Ölkənin ictimai-siyasi, mədəni həyatında onların rolu barədə nə deyə bilərsiniz?
Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Bu baxımdan Özbəkistanda yaşayan soydaşlarımız ölkənin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm yer tutur, Azərbaycan həqiqətlərinin, maddi və mənəvi irsimizin təbliği, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Rəsmi statistikaya əsasən, Özbəkistanda 40 mindən artıq azərbaycanlı yaşayır. Burada yaşayan soydaşlarımızın əksəriyyəti repressiya illərində öz doğma yurd-yuvalarından məcburi köçürülən həmvətənlərimizdir. Qardaş özbək xalqı o zaman azərbaycanlıları doğmaları kimi qarşılayıb, tikələrini onlarla yarı bölüblər. Keçən əsrin 60-70-ci illərində təhsil almağa və təyinatla işləməyə gəlmiş soydaşlarımızın da böyük əksəriyyəti bu qardaş respublikada bu gün fəaliyyətlərini uğurla davam etdirirlər.
Bu gün dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycan xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənidir. Özbəkistanda yaşayan soydaşlarımız doğma Vətənimizdə gedən prosesləri diqqətlə izləyir, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlara sevinirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd