Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi, Vikipediya üzrə mütəxəssis Xəyalə Məmmədli ilə Azərbaycan dilində Vikipediyanın hazırkı vəziyyəti, inkişaf tendensiyaları, süni intellekt dövründə bu platformanın rolu və qarşıda duran əsas çağırışlar barədə söhbət etdik. Həmsöhbətimiz Azərbaycan Vikipediyasının statistik göstəriciləri, alimlərin təbliği istiqamətində görülən işlər, türk dillərindəki vikipediyalar ilə müqayisəli vəziyyət və inkişaf perspektivlərindən danışıb. Müsahibəni təqdim edirik.
- Azərbaycan dilində Vikipediyada hazırda neçə məqalə var və 2026-cı ildə neçə faiz artım qeydə alınıb?
- Hazırda Azərbaycan dilində Vikipediyada təxminən 215 min 539 məqalə mövcuddur. Bu məqalələr gündəlik olaraq ya artır, ya da bəzi hallarda silinə bilir və bu proses davamlı şəkildə izlənilir.
2026-cı ildə qeydə alınan artım faizi isə müxtəlif dövrlərə görə dəyişə bilər, lakin ümumi tendensiya artım istiqamətindədir.
- Azərbaycan alimlərinin neçə məqaləsi var və onların neçə faizi beynəlxalq dillərdə təqdim olunur?
- Azərbaycan alimlərinin Vikipediyada dəqiq ümumi sayı vahid şəkildə göstərilmir, çünki onlar müxtəlif sahələr üzrə kateqoriyalara bölünür: arxeologiya, tarix, ədəbiyyat, filologiya və digər elmi istiqamətlər. Bu səbəbdən konkret bir rəqəm vermək çətindir. Şəxsi fəaliyyətimdə Azərbaycan alimlərinin təbliği mühüm yer tutur. Əgər Azərbaycan dilində Vikipediyada hər hansı alim haqqında məqalə yaradıramsa, onu mütləq şəkildə digər dillərdə də təqdim etməyə çalışıram. Xüsusilə türk, rus və ingilis dillərindəki vikipediyalara üstünlük verirəm. İngilis dilində Vikipediya daha geniş auditoriyaya malik olduğu üçün burada məqalələrin yer alması prioritet hesab olunur.

- Süni intellektin inkişafının Vikipediyanın oxunma statistikasına təsiri varmı? Oxucu sayı artıb, yoxsa azalıb?
- Vikipediya insan amilinə əsaslanan platformadır. Burada məqalələrin yaradılması və inkişafı könüllü istifadəçilərin fəaliyyətindən asılıdır. Süni intellekt isə məlumatları müxtəlif mənbələrdən toplayaraq təqdim edir və bu mənbələrdən biri də çox vaxt Vikipediya olur. Bu isə göstərir ki, Vikipediya aktuallığını qoruyur. Süni intellekt Vikipediyanı əvəz etmir, əksinə, paralel şəkildə inkişaf edir. Vikipediyada isə məzmun daim nəzarətdə saxlanılır: adminlər tərəfindən yoxlanılır, mənbə çatışmazlığı olduqda şablonlar əlavə edilir və ya məqalələr silinməyə təqdim olunur.
- Azərbaycan dilində Vikipediyanın türk dövlətlərinin vikipediyaları ilə müqayisədə əsas göstəriciləri hansılardır?
- Təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycan dilində olan Vikipediya türk dövlətlərinin vikipediyaları arasında kifayət qədər zəngin və məzmunlu platformalardan biridir. Məqalələrin dolğunluğu, mənbə bazası və genişliyi baxımından Azərbaycan Vikipediyası yüksək səviyyədə inkişaf edib.

- Azərbaycan Vikipediyasının qarşısında duran ən böyük problem hansıdır və bunun həlli üçün hansı addımlar planlaşdırılır?
- Ən böyük problemlərdən biri yeni istifadəçilərin platformaya gəlib qısa müddət sonra fəaliyyəti dayandırmasıdır. Hazırda təxminən 898 aktiv istifadəçi mövcuddur. Qeydiyyatdan keçənlərin sayı isə bundan 3–4 dəfə çoxdur. Lakin bir çox istifadəçi 1–2 məqalə yaradıb sonra fəaliyyətini dayandırır. Bu problemin həlli üçün əsas istiqamət motivasiya və təlimlərin artırılmasıdır. Yeni istifadəçilərin öyrədilməsi, istiqamətləndirilməsi və maraq göstərdikləri sahələr üzrə inkişaf etdirilməsi vacibdir.
Eyni zamanda, kiçik mükafatlandırma layihələri və beynəlxalq əməkdaşlıq proqramları istifadəçilərin daha uzunmüddətli fəaliyyətinə dəstək ola bilər. Məqsəd Vikipediyada qalıcı, motivasiyalı və müxtəlif elmi sahələri əhatə edən istifadəçi bazasını genişləndirməkdir.