AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ SƏBAİL RAYONUNDA GENİŞ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə mayın 28-də Bayıl qəsəbəsindəki Qafur Məmmədov adına parkda bayram tədbiri keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov, professor Vaqif Arzumanlı, bələdiyyə sədri Əhməd Hüseynov, “Vahid” Poeziya Evinin direktoru Şahin Verdiyev və başqaları çıxış edərək, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, azadlıq və müstəqillik uğrunda xalqımızın keçdiyi çətin yollardan və qazanılmış uğurlardan danışmışlar. Natiqlər müstəqil Azərbaycanın dünyada layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamışlar.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Sonda rayonun ictimai həyatında fərqlənənlərə Fəxri fərman və hədiyyələr verilmişdir.
Tədbirdə əsgərlər və kursantlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.