Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaqdır
Bakı, 4 yanvar, AZƏRTAC
Dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər yaşanır, o cümlədən bizim bölgəmizdə. Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir. Ölkəmizdə istər siyasi, istər iqtisadi sabitlik təmin edilir və ediləcək. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaqdır.
Prezident İlham Əliyev bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən söyləyib.
Sosial siyasətimizin bütün dövrlərdə bizim üçün əsas vəzifə olduğunu söyləyən dövlətimizin başçısı 2014-cü ildə Azərbaycanda sosial infrastrukturun yaradılmasına böyük vəsait qoyulduğunu, 60-dan çox tibb ocağı, 50-yə yaxın məktəb, uşaq bağçası tikilib təmir edildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, gələn il də bu müsbət proseslər gedəcək.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda inflyasiya 1,4 faizdir. Əhalinin pul gəlirlərinin artımı isə 5 faizə yaxındır. Maaşların, pensiyaların, sosial müavinətlərin ildən-ilə artırılması əlbəttə ki, insanların rifah halını yaxşılaşdırır.