Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında futbol yarışları keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında futbol yarışları keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarış “UNIFIED Sports” (inklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq üç divizionda təşkil edilib.
Yekun nəticələrə görə, ən güclü divizionda Qaradağ rayonunun E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin komandası birinci yeri tutub. Xəzər rayonunun valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin futbolçuları ikinci, sərbəst məşqçi Lyudmila Qasıyevanın komandası isə üçüncü yerlərə layiq görülüblər.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev, komitənin prezidenti, Milli Məclisin deputatı Fazil Mustafa və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futzal üzrə koordinatoru Asim Xudiyev divizionlar üzrə qalib gələn komandaları medal və kuboklarla təltif ediblər.