Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir
Bakı, 26 avqust, AZƏRTAC
Əslində komandada problemlərin siyahısı kifayət qədər çoxdur və bunların hamısını indi sadalamağın mənası yoxdur. Özümüz də buraxılan səhvləri yaxşı anlayırıq. Oyuna gəldikdə, sanki dünən ağır matça çıxan rəqib yox, biz idik. Görüşün ilk dəqiqələrindən oyun bizim üçün çox ağır keçdi. Rəqib bizi çox yaxşı təhlil etmişdi və müdafiədə mükəmməl təsir bağışlayırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda Belçikaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
İdmançı komandanın əsas probleminin məşq prosesindəki müdafiə oyunu ilə bağlı olduğunu vurğulayıb: “Əsas problemimiz məşq prosesində müdafiə oyununun yetərli səviyyədə olmamasıdır. Məşqlərdə müdafiə daha güclü olsaydı, hücumda da daha effektiv oynaya bilərdik. Matç ərzində istər güclü zərbələrlə, istərsə də hiyləgər ötürmələrlə topu rəqib meydançasına yerləşdirməkdə çətinlik çəkdik. Məşqlərdə rahat xal qazananda elə gəlir ki, hücumumuz güclüdür. Lakin bu gün gördük ki, beynəlxalq səviyyə üçün bu yetərli deyil”.
Görüş zamanı buraxılan fərdi xətalara da toxunan milli komandanın üzvü, qadın voleybolunda psixoloji amilin vacibliyini qeyd edib: “Psixoloji baxımdan sadə və lüzumsuz səhvlər komandaya çox mənfi təsir edir. Qadın voleybolunda bir tək xal belə oyunun gedişatını tamamilə dəyişməyə qadirdir. Təəssüf ki, bəzən ən sadə epizodlarda belə xal itiririk. Əlbəttə, heç kim qəsdən səhv etmir, hər birimiz maksimum nəticə üçün çalışırıq, lakin bəzən gözlənilməz texniki xətalar oyunumuza təsir göstərir”.
Qeyd edək ki, 4 oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı 3:2 hesabı ilə üstələyib.