MƏDƏNİYYƏT
Azərbaycana səfər edən Ukrayna vətəndaşlarının sayı mövcud potensialı əks etdirmir
Kiyev, 24 oktyabr, AZƏRTAC
2016-cı ildə Azərbaycana 54 mindən çox Ukrayna vətəndaşı səfər edib, lakin bu rəqəm mövcud potensialı əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 24-də Kiyevdə keçirilən turizm üzrə Azərbaycan-Ukrayna Birgə Komissiyasının birinci iclasında çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. Ölkəmizdə turizm sahəsində aparılan islahatlardan danışan nazir müavini qeyd edib ki, Azərbaycanda turizmin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
“Azərbaycanda turizmin daha kompleks şəkildə, hərtərəfli və bütün ölkə boyu inkişafı prioritetə çevrilib. Ölkəmizdə turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Azərbaycanda tolerant mühit, iqtisadi inkişaf və müasirlik, qanunvericilik bazasının formalaşdırılması turizmin inkişafına təkan verir”, - deyə N.Səmədov bildirib.
Ukraynanın iqtisadi inkişaf nazirinin müavini Titarçuk Mixail çıxış edərək turizm sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu sahədə təcrübə mübadiləsi aparılmalı, kadrların yetişdirilməsi, hər iki ölkənin turizm potensialının tanıdılması üçün birgə layihələr həyata keçirilməlidir.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını təbliğ edən video təqdim edilib.
Sonda Birgə Komissiyanın birinci iclasının yekununa dair sənəd imzalanıb.
Birgə iclasda ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov, turizm şirkətləri və hotel rəhbərləri iştirak ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev