Azərbaycanda akkreditə olunmuş diplomatlar ilə qızlardan ibarət millimizin üzvləri yoldaşlıq oyunu keçirib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların nümayəndələri və futbol üzrə qızlardan ibarət millimizin (U19) üzvlərinin iştirakı ilə ölkəmizdə gender bərabərliyini dəstəkləmək məqsədilə yoldaşlıq oyunu keçirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, komandalar matça üzərində #bərabərliknaminə həştəqi və Dayanıqlı İnkişaf Məqsədləri yazısı olan futbol köynəklərində çıxıblar.
Tədbir BMT, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS), Meksika səfirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai matçdan əvvəl təşkil olunan tədbirdə deyib ki, idmanda qadınların hüquqlarının qorunmasında, onların bacarıqlarının və yeni imkanların əldə edilməsində böyük potensial mövcuddur. BMT bu sahədə səylərin dəstəklənməsində müxtəlif ölkələrin dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirəcək.
UNESCO-nun bədən tərbiyəsi və idman üzrə beynəlxalq nizamnaməsinin birinci bəndinə əsasən, bədən tərbiyəsi və idman hamının təməl hüququdur. Bu tədbirə qoşulan gənc futbolçular meydanda olmaqla fiziki güc və liderlik qabiliyyətlərini nümayiş etdirir, eləcə də peşəkar fəaliyyətləri ilə gender bərabərliyini təşviq edirlər.
Azərbaycan dünya şöhrətli qadın atletlərin vətənidir. Onlardan Olimpiya Oyunlarının güləş yarışlarında medal qazanmış Mariya Stadniki, stend atıcılığı üzrə Olimpiya medalı əldə etmiş Zemfira Meftəhətdinovanı, taekvondo üzrə Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarovanı və dünya çempionatının bürünc, ilk Avropa Oyunlarının isə gümüş mükafatçısı Fəridə Əzizovanı qeyd etmək olar.