Azərbaycanda “Ana dili – qəlbin aynası” XV rus dili Olimpiadasının II mərhələsi keçirilir
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycanda “Ana dili - qəlbin aynası” XV rus dili Olimpiadasının II mərhələsi keçirilir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 12-də Bakı şəhərinin 42 saylı ümumtəhsil məktəbində Olimpiadanın beşinci turu keçirilib. Tədbirdə paytaxtın Binəqədi, Nərimanov və Nəsimi rayonlarının 7-9-cu sinif şagirdləri iştirak ediblər.
“Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin və Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, 42 saylı məktəbin direktoru Firəngiz Həmidova, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina Olimpiada iştirakçılarını salamlayıblar.
Bu ilin aprel-iyun aylarında Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Azərbaycanın rayonlarında esse formatında 7-9-cu sinif şagirdləri arasında Olimpiadanın II mərhələsi keçiriləcək. Tədbir çərçivəsində Azərbaycan Respublikasının şəhər və rayonlarına regional turlar, ümumtəhsil məktəblərinə ziyarətlər təşkil olunacaq. Olimpiadanın bu mərhələsində 1100 məktəbli iştirak edəcək.
Builki olimpiada bir neçə əlamətdar tarixlərə - “Rus dilində olimpiada” layihəsinin 15 illiyi; Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi; şair və yazıçı Mixail Lermontovun anadan olmasının 209-cu ildönümü; Azərbaycanın şair və yazıçısı Mirzə Fətəli Axundzadənin anadan olmasının 211-ci ildönümünə həsr olunub.
Rus dilində olimpiada ənənəvi olaraq Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universiteti və Bank “VTB-Azərbaycan”ın dəstəyi ilə keçirilir.
Bundan başqa, Olimpiada çərçivəsində məktəblərin istifadəsinə bədii ədəbiyyat və metodik kitablar verilib.