AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİNDƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə Türkiyənin ölkəmizdəki səfirliyinin, TÜSİAB, ATİB, Azərbaycan-Türkiyə beynəlxalq turizm marşrutunun işçi qrupu və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adından əklillər qoymuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının da xatirəsini anmış, məzarları üzərinə güllər qoymuşlar.
Azərbaycanda Atatürk Mərkəzində mərasimi açan mərkəzin müdiri, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov giriş sözündə demişdir ki, türk qoşunlarının 88 il əvvəl Azərbaycana köməyini xalqımız unutmur. Şəhid türk əsgərlərinin məzarları on illər boyu, kommunist ideologiyasının tüğyan etdiyi sovetlər dövründə də övliya məzarları kimi qorunub saxlanmışdır. Bu isə onların təkcə hərbi şücaətinə deyil, həm də mənəviyyatına, əxlaqına olan ehtiramın göstəricisidir. Vaxtilə Çanaqqalada, Şərqi Anadoluda savaşan azərbaycanlı döyüşçülərə münasibət eynidir.
Türkiyənin Bakıdakı səfiri Turan Moralı, professor Musa Qasımlı, AMEA-nın müxbir üzvü Kərim Kərimov, TRT-nin Azərbaycan təmsilçisi Avşar Abdulhamit, Türkiyənin əmək və sosial müdafiə naziri Murat Başesgioğlu mərasimdə çıxış etmişlər. Onlar Türk Qafqaz İslam Ordusunun tarixi xidmətindən danışmışlar.