AZƏRBAYCANDA BEA-NIN ŞƏRQİ AVROPA BÖLMƏSİNİN İQAMƏTGAHI AÇILACAQ
Braziliyanın San Paolo şəhərində Elmi İnkişaf üzrə Beynəlxalq Şuranın - Beynəlxalq Elmlər Akademiyasının (EİBŞ/BEA) təşəbbüsü ilə ümumdünya elmi konfransı keçirilmişdir. Konfransda respublikamızı BEA-nın Azərbaycan Bölməsinin həmprezidenti, geologiya-minerologiya elmlər doktoru, BEA-nın akademiki Elçin Xəlilov təmsil etmişdir. O, konfransın açılışında və son geniş iclasında zəlzələlərin proqnozu problemləri və kosmik tədqiqatlarla bağlı iki məruzə ilə çıxış etmiş və bunlar iştirakçılarda böyük maraq doğurmuşdur. 120-dən çox Nobel mükafatı laureatını birləşdirən bu nüfuzlu təşkilatın həqiqi üzvü-akademiki seçilmiş və ali mükafatı ilə təltif olunmuş Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik və məqsədyönlü siyasəti nəticəsində son illər ölkəmizdə əldə olunmuş elmi və iqtisadi inkişaf haqqında məlumat vermişdir. Azərbaycan alimi torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın-köçkünün hələ də ağır vəziyyətdə çadırlarda yaşaması barədə də danışmışdır.
BEA-nın Azərbaycan bölməsindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, akademiyanın prezidenti, professor Valter Kofler rəhbərlik etdiyi təşkilatın Azərbaycan bölməsinin fəaliyyətini yüksək qiymətləndirmiş, onun yaradılmasında və inkişafında bölmənin fəxri prezidenti, Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin rolunu xüsusi vurğulamışdır.
Elçin Xəlilov elmi nailiyyətlərinə görə EİBŞ/BEA-nın diplomu ilə mükafatlandırılmış, bu təşkilatın Rəyasət heyətinin üzvü, habelə Şərqi Avropa bölməsinin vitse-prezidenti seçilmişdir.
Ölkəmizdə elmin intensiv inkişafına göstərilən dövlət qayğısını və Azərbaycan bölməsinin nailiyyətlərini nəzərə alaraq, Almaniya ilə yanaşı, Azərbaycanda da BEA-nın Şərqi Avropa bölməsinin iqamətgahını açmaq məqsədəuyğun sayılmışdır.