AZƏRBAYCANDA ELEKTRON HÖKUMƏTİN QURULMASINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 31-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Dünya Bankının təşəbbüsü ilə Azərbaycanda elektron hökumətin qurulmasına və perspektivlərinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə elektron hökumətin yaradılması ilə bağlı fikir mübadiləsi aparılmış, qabaqcıl ölkələrin təcrübəsindən danışılmış, respublikamızda özəlləşdirmə prosesinin gedişi, iqtisadiyyatın liberallaşdırılması, yeni sərmayə layihələri barədə müzakirələr olmuşdur.
Nazir Əli Abbasov bildirmişdir ki, rabitə və informasiya texnologiyalarının inkişafı üzrə hazırlanmış və Prezidentin təsdiqinə göndərilmiş Dövlət Proqramında da elektron hökumətin qurulması mühüm məsələ kimi qarşıya qoyulmuşdur. Bu proqramda nəzərdə tutulan məsələləri təkcə respublikamızdakı əlaqədar təşkilatların deyil, bir sıra beynəlxalq qurumların, o cümlədən Dünya Bankının mütəxəssisləri də bəyənmişdir. Elektron hökumətin yaradılmasına dünyanın bir çox ölkələri ciddi maraq göstərir. Burada əsas məqsəd söz azadlığının, insan hüquqlarının qorunması, vətəndaş-məmur münasibətlərində, hökumətin fəaliyyətində şəffaflığın təmin olunmasıdır. Bu layihə vətəndaşların iqtisadi, sosial, mədəni və sair maraqlarının daha etibarlı qorunmasına xidmət edəcəkdir.
Artıq Azərbaycanda elektron hökumətin qurulması istiqamətində ilk addımlar atıldığını bildirən nazir demişdir ki, bu sahədə gələcək fəaliyyətdə də beynəlxalq qurumların tövsiyələri nəzərə alınacaqdır.
Azərbaycan Prezidenti İcra Aparatı İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri Elmir Vəlizadə ölkəmizdə elektron hökumətin qurulması sahəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xidmətlərini qeyd edərək, bu işdə beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının rolunu xüsusi vurğulamışdır. Natiq bildirmişdir ki, nazirliyin hazırladığı Dövlət Proqramında elektron hökumətin qurulmasının və bu işin perspektivlərinin aparıcı istiqamətləri müəyyənləşdirilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan doğru yoldadır və qarşıya qoyulmuş məqsədə nail olacaqdır.
Dünya Bankının nümayəndəsi Kristian Peterson çıxış edərək, ölkəmizdə elektron hökumətin yaranmasının əhəmiyyətindən, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışmışdır. Natiq nəzərə çarpdırmışdır ki, öhdəliklər müəyyən edilməli, müxtəlif nazirliklərin bu sahədəki fəaliyyəti əlaqələndirilməli, Dövlət Proqramının həyata keçirilməsi üçün kifayət qədər vəsait ayrılmalıdır. Dünya Bankı bu işi dəstəkləmək məqsədi ilə kifayət qədər kredit ayıracaqdır.
Sonra elektron hökumətin qurulması üzrə yeni layihənin və bu sahədə qarşıya çıxacaq problemlərin həllinə dair tövsiyələrin hazırlanması məqsədi ilə işçi qrupunun yaradılması, müvafiq tədbirlər cədvəlinin tərtib olunması qərara alınmışdır.