Azərbaycanda gömrüklə bağlı yeni inkişaf modeli hazırlanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yeni inkişaf modeli hazırlayıb. Yeddi əsas komponentdən ibarət olan modeldə ölkədə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti ona həvalə edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə icrasına nail olmaq məqsədi daşıyır.
DGK-dan AZƏRTAC-a bildirilib ki, inkişaf modelinin ideoloji izahı düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranış vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdən ibarətdir.
İnkişaf modelinin işgüzar komponentinə uyğun olaraq məsələlərin həllinə komanda yanaşmasının tətbiqi məqsədilə işçi qruplar yaradılıb və qruplar üzrə bu məsələlərin həlli istiqamətində işlərə başlanılıb. İşçi qrupların fəaliyyəti dövründə vətəndaş və biznes subyektləri üçün şəffaf, asan və faydalı bir sıra layihələr həyata keçirilib. Qeyd olunub ki, bu layihələrin bəziləri tamamlanıb, bəzilərinin isə icrası davam etməkdədir.
Qeyd edək ki, “Gömrük İNKİŞAF modeli”nin cəmiyyətdə mahiyyəti üzrə məna yükündən irəli gələn son məqsədlərinə nail olmaq üçün DGK-nın qısa və orta müddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi - “Gömrük xidmətinin Fəaliyyət Proqramı” hazırlanıb. Fəaliyyət Proqramında inkişaf modelinin istiqamət komponentinə uyğun olaraq gömrük inzibatçılığında aşkar edilmiş həlli vacib məsələlər müəyyənləşdirilib.
Yeni inkişaf modelində 4 kateqoriya birləşdirilib. Belə ki, yeni modeldə gömrük dəyəri və ödənişləri, sərhəd keçidi, proses və proseduralar, o cümlədən sistem və alətlər kimi kateqoriyalar yer alıb.
Gömrük inzibatçılığında aşkar edilmiş həlli vacib digər məsələlər də daxil edilməklə “Gömrük İNKİŞAF modeli”nin implementasiyası qarşıda duran əsas prioritetdir.