AZƏRBAYCANDA İTAR-TASS GÜNLƏRİ İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ TƏNTƏNƏLİ QƏBUL
Yanvarın 23-də “Gülüstan” sarayında Azərbaycanda İTAR-TASS günləri iştirakçılarının - ictimai xadimlərin, Rusiyanın aparıcı nəşrləri, telekanalları rəhbərlərinin, Dövlət Duması deputatlarının şərəfinə təntənəli qəbul, habelə Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu qəbulda çıxış edərək dedi ki, belə böyük tədbirin - Azərbaycanda İTAR-TASS günlərinin keçirilməsi Azərbaycan-Rusiya əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə daha bir töhfə olacaqdır. O, həmyerlimiz, İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın yanvarın 23-də 55 yaşı tamam olduğunu xatırlatdı və yubilyarı əlamətdar gün münasibətilə təbrik edərək ona cansağlığı, uğurlar arzuladı.
Rusiya nümayəndə heyətinin rəhbəri, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, “Roszarubejsentr”in rəhbəri Eleonora Mitrofanova ildən-ilə inkişaf edən Azərbaycan-Rusiya əlaqələrinin tarixində parlaq səhifəyə çevriləcək Günlərin yüksək səviyyədə keçirildiyini vurğuladı, buna görə Azərbaycan Prezidenti İlham Əliyevə, tədbirin təşklində iştirak edənlərin hamısına təşəkkürlərini bildirdilər.
Qəbulda Mixail Qusmanın apardığı və zəmanəmizin görkəmli dövlət xadimlərinə, müxtəlif ölkələrin rəhbərlərinə həsr olunmuş “Hakimiyyət formulu” publisistik proqramının yaradılması tarixindən söhbət açan film nümayiş etdirildi. Bu populyar proqramın qəhrəmanları arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev də vardır.
Sonra Azərbaycan və Rusiya incəsənət xadimlərinin iştirakı ilə konsert oldu.
Qəbulun sonunda Mixail Qusman Azərbaycanda İTAR-TASS günlərinin iştirakçılarına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə bir daha təşəkkürünü bildirərək dedi ki, Azərbaycan onların simasında yeni və səmimi dostlar qazanmışdır.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, dövlət komitələrinin rəhbərləri, mədəniyyət və elm xadimləri qəbulda iştirak edirdi.