AZƏRBAYCANDA İTAR-TASS GÜNLƏRİNİN İŞTİRAKÇILARI AZƏRTAC-DA OLMUŞLAR
Azərbaycanda İTAR-TASS günlərinin iştirakçıları yanvarın 22-də Azərbaycan Dövlət Teleqraf Agentliyində - AZƏRTAC-da olmuşlar.
Burada böyük səmimiyyətlə qarşılanan qonaqlar AZƏRTAC-ın iş şəraiti ilə tanış oldular.
Sonra süfrə arxasında səmimilik şəraitində davam etdirilən görüşdə çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Azərbaycanda İTAR-TASS günlərinin iştirakçılarını bir daha salamlayaraq, ölkəmizdə bu tədbirin keçirilməsinin əhəmiyyətini vurğuladı. O dedi ki, son dövrdə Azərbaycan-Rusiya əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi ümummilli liderimiz Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin birgə səyləri sayəsində mümkün olmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən uğurla davam etdirilir. Azərbaycan-Rusiya əlaqələri mədəni və humanitar sahələrdə də inkişaf edir və bu, AZƏRTAC ilə İTAR-TASS arasında əməkdaşlığın genişlənməsində öz əksini tapır. Agentliklərimiz arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş və onun icrası ilə əlaqədar protokol imzalanmışdır. MDB ölkələrinin informasiya agentliklərindən ilk olaraq, İTAR-TASS-ın binasında AZƏRTAC-ın müxbir məntəqəsi açılmışdır.
Xüsusi vurğulandı ki, Azərbaycanda İTAR-TASS günlərinin keçirilməsi, hər iki agentliyin əməkdaşlığının genişlənməsinə, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması işinə xidmət edəcəkdir.
A.Aslanov İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanı yanvarın 23-də 55 yaşının tamam olması münasibətilə təbrik etdi.
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenkoya və baş direktorun birinci müavini Mixail Qusmana AZƏRTAC-ın kollektivi adından hədiyyələr təqdim olundu.
İTAR-TASS-ın baş direktoru, Azərbaycanda İTAR-TASS günlərində iştirak edən nümayəndə heyətinin rəhbəri Vitali İqnatenko çıxışında Azərbaycanda İTAR-TASS günlərinin keçirilməsinə imkan yaradılmasına görə respublikamızın rəhbərliyinə minnətdarlığını bildirdi. O dedi ki, Azərbaycanla Rusiya, AZƏRTAC ilə İTAR-TASS həmişə bir-birilə çox sıx bağlı olmuşdur. Biz bu əlaqələri indi də davam etdirməkdən çox məmnunuq və bu, hər iki tərəfin xeyrinədir. Ona görə də İTAR-TASS günlərinin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir.
İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman çıxışında əmin olduğunu bildirdi ki, Azərbaycanda İTAR-TASS günlərində iştirak etmək üçün mənim doğma şəhərimə gələn nümayəndə heyətinin hər bir üzvü Bakıdan ən xoş təəssüratla ayrılacaqdır. Çox istəyirəm ki, onların hər biri Bakını mənim kimi sevsin.
“İzvestiya” qəzetinin baş redaktoru Vladimir Borodin, “Tribuna” qəzetinin baş redaktoru Oleq Kuzin və “Selskaya jizn” qəzetinin baş redaktoru Şamun Kagermanov çıxışlarında Azərbaycanda İTAR-TASS günlərində iştirak etməkdən şad olduqlarını vurğuladılar, gözəl Bakı şəhəri və onun qonaqpərvər sakinləri haqqında xoş sözlər söylədilər.
Onlar AZƏRTAC-la İTAR-TASS arasında sıx əlaqələrin yaranmasını yüksək qiymətləndirdilər.
Görüşdən xatirə olaraq qonaqlara hədiyyələr təqdim olundu.