Azərbaycanda konfessiyalar və xalqlar arasında dostluq və əməkdaşlıq nümunəsi
Bakı, 30 iyul (AZƏRTAC). Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında Ramazan bayramı münasibəti ilə “Dostluq və əməkdaşlıq nümunəsi” sərlövhəli məqalə dərc edilib.
Məqalənin müəllifi yazır: “Qırmızı Qəsəbədə yaşayan dağ yəhudiləri dini icmasının başçısı Boris Simanduyev müsəlmanlar üçün bu müqəddəs gündə Quba axundu hacı Naib Səttarovu Ramazan bayramı münasibətilə təbrik edib.
Boris Simanduyev Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində vurğulayıb: “Mən hacı Naib Səttarovdan Quba rayonunun bütün müsəlmanlarını Ramazan bayramı münasibətilə dağ yəhudiləri icmasının bütün üzvləri adından təbrik etməsini, onlara sülh, əmin-amanlıq və firavanlıq arzulamasını xahiş etdim”.
Boris Simanduyev Qırmızı Qəsəbə icmasının təbriklərini axunda çatdıraraq qeyd edib ki, Quba rayonunun yəhudi və müsəlman sakinləri arasında səmimi münasibət Azərbaycanda konfessiyalar və xalqlar arasında dostluq və əməkdaşlığın ibrətamiz nümunəsidir.
Axund hacı Naib Səttarov Quba rayonunun müsəlmanları adından Ramazan bayramı münasibətilə səmimi təbriklərə görə Boris Simanduyevə və Qırmızı Qəsəbə sakinlərinə ürəkdən təşəkkür edərək vurğulayıb ki, yəhudilər Yer üzündə ulu Tanrıdan Müqəddəs Kitab göndərilmiş ilk insanlardır. Bu kitabdakı nəsihət və tövsiyələr dünyada ilk monoteist dinin əsası olub.
Boris Simanduyev Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində deyib: “Bu axşam Qırmızı Qəsəbə sinaqoqunda və Quba rayonunun məscidlərində eyni vaxtda dualar oxunacaq. Hacı Naib Səttarov da, biz də belə düşünürük ki, Quba rayonunun yəhudi və müsəlman sakinləri öz dualarında Ulu Tanrıdan Azərbaycana və gözəl ölkəmizin bütün xalqına sülh, sabitlik və xoş güzəran diləyəcəklər”.
Məqalənin tam mətni ilə bu saytda tanış ola bilərsiniz: http://aen.ru/?page=brief&article_id=71225.