AZƏRBAYCANDA NATO-NUN ELM KOMİTƏSİNİN İCLASI BAŞLANDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycanda NATO həftəsi çərçivəsində keçirilən tədbiri alyansın baş katibinin müavini Jan Furne açmışdır.
AMEA-nın prezidenti akademik Mahmud Kərimov çıxış edərək demişdir ki, NATO-nun Elm Komitəsinin növbəti iclasının Bakıda keçirilməsi təsadüfi deyildir. Elm sahəsi NATO ilə əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. NATO Azərbaycan alimlərinə maliyyə köməyi göstərərək, respublikamızın elmi-texniki potensialının qorunması və möhkəmləndirilməsinə mühüm töhfələr verir.
M.Kərimov Azərbaycan dövlətinin elmə, elm adamlarına, eləcə də AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsinə qayğısını xatırlatmaqla yanaşı vurğulamışdır ki, bunlara baxmayaraq, ölkəmizdə elmi potensialın gücləndirilməsi, respublika əhəmiyyətli proqramların həyata keçirilməsi üçün müxtəlif beynəlxalq təşkilatların maliyyə köməyinə ehtiyacımız var. Bu baxımdan NATO ilə əməkdaşlığa böyük ümidlər bəsləyirik. Hazırda alyansın maliyyə dəstəyi ilə “Sülh naminə elm” proqramı çərçivəsində Azərbaycan alimləri artıq bir layihəni başa çatdırıb və daha iki böyük layihə üzrə işləri yerinə yetirirlər. NATO-nun “Virtual İpək yolu” layihəsi üzrə yaradılmış peyk informasiya-kommunikasiya şəbəkəsi bir ildir ki, fəaliyyət göstərir. Ötən bir il ərzində qurumun Elm Komitəsinın maliyyə dəstəyi ilə AMEA institutları tərəfindən 5 beynəlxalq seminar keçirilmişdir. NATO-nun kiçik qrantları əsasında elmi tədqiqatlar aparılır. Respublika alimləri beynəlxalq elmi səfərlər üçün də qrantlardan geniş istifadə edirlər. “Beyin axınının” qarşısını almaq üçün gənc alimlər elmi ezamiyyətlərdən vətənə qayıtdıqda onlara kömək etmək məqsədi ilə NATO-nun yeni inteqrasiya proqramı başlanmışdır.
AMEA-nın prezidenti NATO ilə əməkdaşlığın respublikamız üçün vacib sayılan sahələr üzrə əsas elmi istiqamətlərini də sadalamışdır.
Jan Furne, Türkiyənin ölkəmizdəki səfiri, NATO ilə Azərbaycan arasında əlaqələndirici Əhməd Ünal Çeviköz iclasda çıxış etmişlər.
X X X
NATO BAŞ KATİBİNİN MÜAVİNİ
MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
İyunun 14-də NATO baş katibinin müavini Jan Furne “Avropa” otelində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Jan Furne jurnalistlərə müraciətində demişdir: Elmi Komitənin Bakıda keçirilən iclasında NATO-nun üzvü olan 26 ölkənin nümayəndəsi iştirak edir. Elm əməkdaşlığın bir qoludur. NATO elmi layihələri maliyyələşdirən qurum deyil, biz elmi təşviq edirik. Bu məqsədlə layihələr müzakirə olunur, işçi qrupları toplaşır, yay məktəbləri təşkil olunur. Biz tərəfdaş ölkələrlə “Təhlükəsizlik naminə elm” proqramı çərçivəsində əməkdaşlıq edirik. Son zamanlar istiqaməti bir qədər dəyişmişik və proqramı “Təhlükəsizlik naminə elm” adlandırırıq. İndi gündəlikdəki əsas məsələ terrorizmdən və digər amillərdən müdafiədir. Biz tərəfdaş ölkənin maraq göstərdiyi, üstünlük verdiyi layihənin reallaşdırılmasına kömək göstərir, alimləri bu istiqamətdə səfərbər edirik. Ən azı ildə bir dəfə tərəfdaş ölkənin ərazisində Elm Komitəsinin iclasını keçirməyə çalışırıq. Bu il AMEA-nın rəsmi dəvətilə bu iclas Azərbaycanda keçir.
AMEA-nın prezidenti akademik Mahmud Kərimovun qısa çıxışından sonra jurnalistlərin suallarına cavablar verilmişdir.
Jan Furne KİV nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təcavüzkar Ermənistana NATO-nun münasibəti kimi ağrılı suallardan yayınsa da, NATO-nun yay məktəbi, gənclərə alyans haqqında məlumat verilməsi, iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər barədə suallara həvəslə və ətraflı cavablar vermişdir.