AZƏRBAYCANDA NÖVBƏTİ BEYNƏLXALQ QİDA SƏNAYESİ SƏRGİSİ KEÇİRİLƏCƏKDİR
Mətbuat konfransında beynəlxalq sərginin əhəmiyyətindən geniş danışılmışdır. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Son illər ölkəmizə gələn şirkətlərə, sərmayə qoyuluşuna lazımi şərait yaradıldığından respublikamız əməkdaşlıq meydanına çevrilmişdir. Məhz bu səbəbdən də sərgi, əhatəsinə görə, əvvəlkilərdən fərqlənir.
Tədbirdə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının dinamik inkişafından, qida məhsulları bolluğunun təmin edilməsi üçün cəlb olunan sərmayələrdən, torpaqların münbitliyinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, meyvə və tərəvəz məhsulları istehsalının artırılmasından və s. məsələlərdən geniş söhbət açılmışdır.
Qeyd olunmuşdur ki, builki sərgidə dünyanın 13 ölkəsindən 61 şirkət iştirak edəcəkdir. Sərginin ekspozisiya sahəsi, keçən illə müqayisədə, 30 faiz artmışdır. İştirakçıların 20-nin yerli, bunun da 12-nin sırf istehsalçı olması sevindirici hal kimi nəzərə çarpdırılmışdır. Bildirilmişdir ki, budəfəki sərgidə kənd təsərrüfatı üçün avadanlıq və texnika təklif edən istehsalçıların üstünlük təşkil etməsi həmin sahəyə olan tələbatdan irəli gəlir.
Axırda mətbuat nümayəndələrini maraqlandıran suallara cavab verilmişdir.