“AZƏRBAYCANDA OLİMPİYA TƏHSİLİ SİSTEMİNİN YARADILMASININ AKTUAL MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
MOK-un məsul əməkdaşı Cəmaləddin Rəhmanov Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə keçirilən bu seminarın əhəmiyyətindən, olimpiya təhsili barədə qəbul olunmuş beynəlxalq proqramda əksini tapmış məsələlərin ölkəmizdə tətbiqi ilə bağlı müzakirələrin aparılmasının vacibliyindən danışmışdır.
Olimpiya təhsilinin bir sıra ölkələrin orta və ali məktəblərində, eləcə də əhali arasında geniş təbliğ edildiyini, olimpiya hərəkatı ideyalarının yayıldığını, xüsusilə bədən tərbiyəsi və idman dərslərində buna geniş yer ayrıldığını, Olimpiya Oyunlarının mükafatçısı və iştirakçıları ilə görüşlərin təşkil olunduğunu və olimpiya hərəkatının tarixi, bu oyunların meydana gəlməsi, təşəkkülü və inkişafı, idmançıların qazandıqları uğurlar barədə əhaliyə məlumat verildiyini qeyd edən C.Rəhmanov, bu təcrübənin ölkəmizdə tətbiqinin zəruriliyini diqqətə çatdırmışdır.
Seminarda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və digər ali təhsil ocaqları mütəxəssislərinin “İxtisaslı bədən tərbiyəsi kadrlarının hazırlanmasında olimpiya təhsilinin rolu”, “Olimpiya təhsilinin təşkili və perspektivləri”, “Müasir dövrün vahid olimpiya təhsili sisteminə ehtiyacı var” mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Ağacan Abiyev tədbirdə iştirak etmişlər.