AZƏRBAYCANDA QADINLARIN İQTİSADİ VƏZİYYƏTİ
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirmişlər ki, 2002-ci ildə Azərbaycanda əhalinin iqtisadi fəal hissəsi 3777, 5 min nəfər təşkil etmişdir ki, bunun 3726, 5 min nəfəri (1778,5 min qadın) bılavasitə əməklə məşğuldur. İqtisadi fəal qadınların sayı 1806,4 min nəfərdir.
Qadınlar əsasən sosial sahələrdə çalışırlar. Belə ki, səhiyyə sahəsində çalışanların 67 faizi, təhsil, mədəniyyət, elm, bank və sığorta sahəsində çalışanların 45 faizi qadınlardır. İbtidai və yuxarı siniflər üzrə qadın müəllimlərin sayının daha çox olmasına baxmayaraq, rəhbərlər arasında onlar 31 faiz təşkil edirlər.
Əmək qabiliyyətli qadınların 69,2 faizi özəl, 30,8 faizi dövlət bölməsində çalışır. İqtisadiyyatın və sosial sahələrin idarəetmə strukturlarında qadınlar 33 faiz təşkil edir. Bizneslə məşğul olan qadınlarin əksəriyyəti mikro və kiçik müəssisələrdə, çox az hissəsi orta və böyük müəssisələrdə çalışırlar.
Vətəndaşların özəl fəaliyyətinin əsasını təşkil edən mülkiyyət məsələlərində kişilərin və qadınların bərabər olmasına baxmayaraq, özəlləşdirmədə qadınların iştirakını real əks etdirən rəsmi göstəricilər yoxdur. Qeyri-rəsmi məlumatlara görə, yeni mülkiyyətçilərin 90 faizi kişilərdir.