Azərbaycanda yeni “Hyundai Genesis”in satışına başlanacaqdır
Bakı, 19 mart (AZƏRTAC). Koreya Respublikasının “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distribüteri olan “Hyundai Auto Azerbaijan” şirkəti ölkəyə yenilənmiş “Hyundai Genesis” modelini idxal edəcəkdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yaxın vaxtlarda “Genesis”in həm sedan, həm də kupe variantları Azərbaycana gətiriləcəkdir. Hər iki model xarici görünüş (face lifting) və daxili təchizat (texniki) baxımından yenilənmişdir. Belə ki, “Genesis”in sedan versiyasının xarici görünüşü əhəmiyyətli dərəcədə dəyişdirilmiş, arxa faraları yenilənmiş, sürət ötürmə qutusu isə 8 pilləli (avtomat) olmuşdur.
Bundan başqa, sedan modeli 3,8 litr həcmli (290 at gücü) mühərriklə təchiz edilmişdir.
Kupeyə quraşdırılan mühərrik 2 litr həcmində saxlanılsa da, qüvvəsi əvvəlki 210 at gücündən 275 at gücünədək artırılmışdır.