Azərbaycanın Çexiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
Praqa, 11 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar dekabrın 11-də Azərbaycanın Çex Respublikasındakı səfirliyində anım mərasimi keçirilib. Anım mərasimində Azərbaycanın Çexiyadakı diaspor təşkilatlarının nümayəndələri, tələbələr və səfirliyinin kollektivi iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin adına yaradılmış guşənin önünə çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra səfir Adış Məmmədov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Səfir Azərbaycanın Ermənistanla müharibəyə girməyə məcbur edildiyi, daxili siyasətdə xaosun və hərc-mərcliyin hökm sürdüyü, iqtisadiyyatında çöküş yaşadığı bir dövrdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin qısa bir müddətdə özünün xarizmatik keyfiyyətləri, böyük dövlətçilik təcrübəsi və mahir diplomatik gedişləri ilə dağılmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın dövlətçiliyini qoruduğunu, müstəqil Azərbaycanı yenidən qurduğunu bildirib. Məhz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində 1994-cü ildə dünyanın neft nəhənglərinin “Əsrin müqaviləsi”nə imza atdığını, bütün xarici təzyiqlərə baxmayaraq, Azərbaycan neftini dünyaya daşıya biləcək Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanıldığını bildirən səfir bu nəhəng layihələrin təkcə Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edən iqtisadi layihələr olmadığını, eyni zamanda, Azərbaycan dövlətçiliyinin təhlükəsizlik qarantı olduğunu qeyd edib.
Ulu Öndərin Azərbaycanı təkcə regionun siyasi və iqtisadi mərkəzinə çevirmədiyini qeyd edən səfir A.Məmmədov, eyni zamanda, sabit bir ölkə və tolerant və multikultural bir cəmiyyətə sahib olduğumuza görə də Ulu Öndərə borclu olduğumuzu bildirib.
Ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində Prezident İlham Əliyevin iqtisadi cəhətdən inkişaf edən və hərbi cəhətdən qüdrətli Azərbaycan qurduğunu diqqətə çatdıran səfir Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində ölkəmizin daha da gücləndiyini, regionun söz sahibinə çevrildiyini qeyd edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad etdiyini və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.
Səfir çıxışını “Nə qədər ki, Azərbaycan dövləti mövcud olacaq, ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır” fikirləri ilə bitirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa