Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra təşkilat daxilində apardığı fəaliyyət yüksək qiymətləndirilib
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Sohail Mahmud ilə görüşüb. Baş katib iştirakçısı olduğu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə və bu çərçivədə faydalı müzakirələrə görə təşəkkür edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə D-8 arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib, siyasi, iqtisadi, energetika, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra keçən qısa müddət ərzində təşkilat daxilində apardığı aktiv fəaliyyət yüksək qiymətləndirilib, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsinin təşkili, bu çərçivədə D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı atılan əməli addımlar məmnunluqla xatırlanıb. Bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Ümumilikdə siyasi və iqtisadi cəhətdən mühüm ölkələri, 1,3 milyarda yaxın əhalini və 5 trilyon ÜDM-i birləşdirən D-8-nin nüfuzunun daha da artırılması istiqamətində birgə səylərin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri nəzərdən keçirilib, Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi, sabitliyin təmin olunmasının vacibliyi qeyd edilib.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.