AZƏRBAYCANIN DANIŞIQLARDA UZUN İLLƏR İŞTİRAKI, ARTIQ BİZİM TƏRƏFİMİZDƏN VERİLƏN BÖYÜK GÜZƏŞTDİR
“Danışıqlarda uzun illər iştirakımız, artıq bizim tərəfimizdən verilən böyük güzəştdir. Azərbaycan öz ərazi bütövlüyünü heç kimə güzəştə getməyəcəkdir. Bunu hamı bilir. Beynəlxalq ictimaiyyət də bilir və bu məsələ ilə bilavasitə məşğul olan, vastəçilik missiyasını icra etməyə çalışan Minsk qrupu və onların həmsədrləri də bilir”.
Bu bəyanatı Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyindən danışarkən vermişdir.
Dövlət başçısı demişdir ki, bu yaxınlarda BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı aparılan müzakirələrdə Azərbaycan böyük üstünlüklə bu qətnamənin qəbul olunmasına nail ola bilibdir. Bu, bizim gücümüzü, dünyada haqq-ədalətin olmasını göstərir. Halbuki, bəzi hallarda bu sahədə şübhələr də var. Digər tərəfdən, onu göstərir ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bir daha sənədləşdirib, təsdiq edibdir və ölkəmizin müttəfiqləri artır. Əgər bizim xeyrimizə qətnaməyə səs verən ölkələrin coğrafiyasına baxsaq görərik ki, bütün bölgələrdən, qitələrdən ölkələr var. Əlbəttə ki, biz siyasi və diplomatik səylərimizi davam etdirəcəyik.
NATO-nun zirvə görüşündə də bütün NATO üzvləri tərəfindən qəbul edilmiş qətnaməni xatırladan Prezident İlham Əliyev vurğulamışdır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edir, dəstəkləyir və göstərir ki, dondurulmuş bütün münaqişələr ərazi bütövlüyü prinsipini nəzərə almaq şərtilə həll olunmalıdır. BMT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, GUAM - bütün beynəlxalq aləm bizim tərəfimizdədir. Belə olan halda, danışıqlarda bizdən hansısa güzəştlərin gözlənilməsi qeyri-ciddi yanaşmanın təzahürüdür.