AZƏRBAYCANIN DAXİLİ İŞLƏR NAZİRİNİN İRANA ÜÇ GÜNLÜK RƏSMİ SƏFƏRİ BAŞLANMIŞDIR
Aprelin 12-də İran İslam Respublikasının daxili işlər naziri Əbdülvahid Musəvi Larinin dəvəti ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubovun rəbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə üç günlük rəsmi səfəri başlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin ilk günü Ramil Usubovun İİR-in daxili işlər naziri Əbdülvahid Musəvi Lari və informasiya naziri Əli Yunesi ilə görüşləri olmuşdur. Hər iki görüşdə Azərbaycan ilə İran arasında bütün sahələr üzrə əlaqələrin inkişaf etdiyi, xüsusilə də hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığın yarandığı bildirilmiş və əlaqələrin inkişafının hər iki ölkənin maraqlarına uyğun olduğu vurğulanmışdır. Görüşlərdə ötən il mayın 18-20-də Azərbaycan Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan verdiyi xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, İİR prezidenti Seyid Məhəmməd Xatəminin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni mərhələ olacaqdır.
Görüşlərdə həmçinin, narkotik maddələrin qeyri-qanuni yayılmasına, mütəşəkkil cinayətkarlığa qarşı hər iki ölkənin Daxili İşlər nazirliklərinin birgə mübarizə aparması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, ölkələrin birində cinayət törədərək o birində gizlənən canilərin qaytarılması və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Narkotik maddələrin daşınmasının qarşısının alınması üçün tərəflərin birgə fəaliyyəti nəzərdə tutulmuş, operativ əməkdaşlıq haqqında razılıq əldə edilmişdir. Cinayətkar ünsürlərin qarşısının birgə alınması məqsədilə hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində daimi komissiyanın yaradılması qərara alınmış və bunun çox səmərəli ola biləcəyi vurğulanmışdır.
Həmin gün Ramil Usubov İran polis qüvvələrinin komandanı ilə görüşmüş, sonra Tehranın operativ polis mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuş, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.