Azərbaycanın əlverişli iqlim şəraiti ölkəmizi quşların dünyada ən çox qışladığı yerlərdən birinə çevirib
Bakı, 2 fevral, AZƏRTAC
Quşlar il ərzində iki dəfə köç edirlər. Bunlar yaz və payız miqrasiyası adlanır. Fevralın ikinci yarısından başlayan yaz miqrasiyası mart-aprel aylarında daha da intensivləşir, mayın sonlarında başa çatır. Payız miqrasiyası isə avqustun ikinci yarısından dekabrın sonuna qədər davam edir. Payız miqrasiyası zamanı sentyabr-noyabr aylarında quşların köçü daha çox qeydə alınır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın əlverişli iqlim şəraiti və lazımi qida ehtiyatları ilə zənginliyi ölkəmizi Avrasiya materikində quşların ən çox qışladığı yerlərdən birinə çevirib. Burada 1-1,5 milyon yalnız su quşu qışlayır. Şimaldan-cənuba köç edərkən Azərbaycan təbiətini özünə müvəqqəti dayanacaq seçən quşların sayı isə bundan 10 dəfələrlə çoxdur. Miqrasiya zamanı quşlar əsasən su-bataqlıq əraziləri olan Abşeron, Şirvan, Ağgöl milli parkları, Qızılağac Dövlət Təbiət Qoruğunda qışlayırlar, əksər hallarda isə yuvalayırlar. Təsadüfi deyil ki, Ağgöl Milli Parkı və Qızılağac Dövlət Təbiət Qoruğu su quşlarının əsas qışlama yeri olaraq Ramsar Konvensiyasına daxil edilib.
Quşların miqrasiyasının ölkəmiz üçün də faydaları böyükdür. Belə ki, Şərqi Avropadan, Qərbi Sibirdən cənuba köç edən quşlar məskunlaşdıqları əraziləri zərərvericilərdən təmizləyir, göl və bataqlıqların dibində ot örtüyünün artmasına imkan vermir. Əgər təmizlənməzsə, otlar qalıb çürüyər və evtrofikasiya prosesi gedər, həm kəskin qoxu hiss edilər, həm də sudakı oksigenin yox olması canlıların həyatına mənfi təsir göstərər.
Respublika ərazisində 400-dən artıq quş növünə rast gəlinir. Bunlardan 36-sı Azərbaycanın, 23-ü Dünyanın Qırmızı Kitabına daxil edilib. Ornitofaunası çox zəngin olan ölkəmizdə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha çoxdur.
Köç edən quşların sayılması teleskop vasitəsilə həyata keçirilir. Sayım prosesində bəzən gəmi və ya helikopterin köməyindən də istifadə olunur.