ELM VƏ TƏHSİL
AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI TARİXİNƏ HƏSR OLUNMUŞDUR
Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu tarix elmləri doktoru Əlövsət Umayevin “XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan kənd təsərrüfatında kapitalızmin inkişaf prosesləri” monoqrafiyasını çapdan buraxmışdır.
Giriş, üç fəsil, nəticə, qeydlər və geniş biblioqrafiyadan ibarət olan əsərdə göstərilən dövrdə Azərbaycanın kənd təsərrüfatına kapitalın müxtəlif növlərinin nüfuz etməsi prosesi araşdırılır. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın iqtisadiyyatında, o cümlədən onun daha geniş sahəsi olan kənd təsərrüfatı istehsalında kapitalizmin inkişafının öyrənilməsi ölkə tarixşünaslığının mühüm vəzifələrindən biridir. Müəllifin müraciət etdiyi mövzu Azərbaycan tarixşünaslığında müəyyən dərəcədə araşdırılsa da, indiyədək ayrıca tədqiqat obyekti olmamışdır.
Əsərdə göstərilir ki, tədqiq olunan dövrdə Azərbaycan kəndinə əvvəlcə ticarət kapitalı və sələmçi kapital nüfuz etmişdir. Ujuz kənd təsərrüfatı xammalına tələbat artdıqca, buraya istehsal kapitalı da nüfuz edir və yerli kapitalı özündən asılı vəziyyətə salırdı. Daha sonra isə Azərbaycan kəndinə tədricən bank kapitalı yol tapırdı. Bütün bu növlər çulğaşaraq, kənd təsərrüfatına kapital axınını gücləndirirdi. Müəllif onu da vurğulayır ki, kəndə nüfuz edən kapital orada kapitalist təsərrüfatının müxtəlif formalarını /tavanalı qolçomaq təsərrüfatları, iri əkinçilik təsərrüfatları və yeni şəraitə uyğunlaşan mülkədar təsərrüfatları/ yaradırdı ki, bu da Azərbaycanda aqrar sahədə kapitalist münasibətlərinin üstün yer tutduğunu göstərir.
Monoqrafiya mütəxəssislər və tələbələr üçün faydalı olmaqla yanaşı, praktiki əhəmiyyət də kəsb edir. Belə ki, burada verilmiş materialların ətraflı təhlili, şübhəsiz, hazırda ölkəmizin iqtisadiyyatının mühüm sahəsini təşkil edən kənd təsərrüfatında tərəqqiyə nail olmaq istəyən iş adamlarına da kömək edəcəkdir.
Kitabın redaktorları tarix elmləri doktorları V.Bovıkin və T.Vəliyevdir.