SİYASƏT
Azərbaycanın mülki şəxslərinin erməni hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı Ukraynada etiraz aksiyası keçirilib
Kiyev, 10 iyul, AZƏRTAC
İyulun 4-də erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın mülki şəxsləri - iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın öldürülməsi ilə bağlı Ukraynanın paytaxtı Kiyevdə etiraz aksiyası keçirilib.
AZƏRTAC-ın məlumatına görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən etiraz aksiyası ATƏT-in Kiyevdəki nümayəndəliyinin və Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında baş tutub.
Etiraz aksiyasından əvvəl Kiyevin “Sofiyevski” meydanında uşaqların “Mən Zəhrayam” adlı fləşmobu keçirilib. Bundan sonra ATƏT-in Kiyevdəki nümayəndəliyinin qarşısında etiraz aksiyası başlayıb.
Etiraz aksiyasında Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament sədri Akif Gülməmmədov çıxış edərək erməni separatçılarının Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, minlərlə günahsız insanın qətlə yetirildiyini diqqətə çatdırıblar. Başda Serj Sarkisyan olmaqla indiki cinayətkar Ermənistan hakimiyyətinin 200-ə yaxın günahsız azərbaycanlı uşağının qatilinə çevrildiyini bildirərək, dünya birliyinin, xüsusən də BMT və ATƏT-in bu dözülməz faktlara göz yummalarını tarixi ədalətsizlik kimi səciyyələndiriblər.
Çıxışlardan sonra uşaqlar və gənclər, diaspor nümayəndələri “Biz hamımız Zəhrayıq!”, “Erməni vəhşiliyinə son qoyulsun!”, “Sarkisyan uşaq qatilidir!”, “Biz erməni işğalına göz yuman ATƏT-ə inanmırıq!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarlarını səsləndiriblər. Bir saat davam edən etiraz aksiyasında Zəhra Quliyevanın qətlə yetirilməsini özündə əks etdirən qətnamə və ATƏT-in fəaliyyətsizliyini özündə təcəssüm etdirən tısbağa oyuncağı ATƏT-in Kiyevdəki nümayəndəliyinə təqdim olunub.
Bundan sonra azərbaycanlı uşaqlar Ermənistanın Ukraynadakı səfirliyinin binasına gələrək üzərində iki yaşlı Zəhranın fotosu və uşaq oyuncaqları olan qara əklili işğalçı ölkənin diplomatik nümayəndəliyinin qarşısına qoyublar.
Bu gün NATO-un Ukraynadakı yeni qərargahının binasının açılışında iştirak edən Azərbaycan diasporunun fəalları 2 yaşlı Zəhranın və nənəsi Sahibə Allahverdiyevanın şəkillərini nümayiş etdirərək Konqres adından NATO-nun Baş katibinə ünvanlanan etiraz müraciəti NATO nümayəndəliyinə təqdim ediblər.
Qeyd edək ki, yeni qərargahın açılışında NATO-nun Baş katibi Yens Stoltenberq də iştirak edirdi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev