Azərbaycanın Müstəqillik Günü Bolqarıstanda da qeyd olunub
Bakı, 30 may, AZƏRTAC
Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetində Azərbaycanın Müstəqillik Günü və Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Ölkəmizin Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ötən 30 il ərzində iki dövlət arasında münasibətlərdə əlamətdar hadisələri əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış olub.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan səfir Hüseyn Hüseynov tədbirin təşkilinə görə Sofiya Universitetinə və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə təşəkkürünü bildirib. O, diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş sərgidə nümayiş etdirilən fotolar barədə məlumat verərək, onların ikitərəfli münasibətlərin inkişafının əsas məqamlarını təcəssüm etdiyini diqqətə çatdırıb.
Səfir Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin 30 illə məhdudlaşmadığını və daha dərin tarixi köklərə malik olduğunu bildirib. Həmçinin hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin fəal şəkildə inkişaf etdiyini vurğulayıb.
Tədbirdə, həmçinin Sofiya Universitetinin prorektoru professor Vasil Marinov qonaqlara ikitərəfli əlaqələrin tarixi haqqında məlumat verərək, Azərbaycan dilinin türkologiyada ən diqqətəlayiq dillərdən biri olduğunu və bu ali təhsil ocağında maraqla öyrənildiyini qeyd edib. O, universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mühüm rolunu vurğulayaraq, onun bolqar gənclərin Azərbaycanın təkcə dili deyil, həm də tarixi, ədəbiyyatı, mədəniyyəti və adət-ənənələri ilə tanış olmaları üçün imkan yaratdığını deyib.
Sərgidən sonra tədbir səfir Hüseyn Hüseynovun Sofiya Universitetinin müəllim və tələbələri üçün Azərbaycan və Cənubi Qafqaz bölgəsi ilə bağlı geniş məruzəsi ilə davam edib. Məruzədə Azərbaycanın qədim zamanlardan keçdiyi yol, Qafqaz Albaniyası, xanlıqlar dövrü, o cümlədən Qarabağ xanlığı, İslam dünyasında ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, Birinci və İkinci Qarabağ müharibələri, Azərbaycan-Bolqarıstan münasibətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, çoxsaylı suallar cavablandırılıb.