SİYASƏT
AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ KİYEVDƏ TƏNTƏNƏLİ QƏBUL
Oktyabrın 16-da Azərbaycan Respublikasının Kiyevdəki səfirliyi ölkəmizin dövlət müstəqilliyinin 11-ci ildönümü münasibətilə təntənəli qəbul təşkil etmişdir.
Qəbulda Ukrayna siyasi rəhbərliyinin nümayəndələri, xalq deputatları, nazirliklərin və digər idarələrin yüksək vəzifəli əməkdaşları, ictimai xadimlər, Ukraynada akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəlliklərinin başçıları, Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan, xalqımız Prezident Heydər Əliyevin rəhbərliyi ilə bu günü nikbinliklə, sabit ictimai-siyasi şəraitdə, iqtisadiyyatın dinamik və sürətli inkişafı şəraitində qarşılayır. Səfir respublikanın həyatında bu il baş vermiş mühüm hadisələrdən danışaraq, onların arasında referendumun uğurla keçirilməsini, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasını və Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illiyinin qeyd olunmasını xüsusi vurğuladı və dedi ki, bütün bunlar Azərbaycan cəmiyyətinin ahəngdar inkişafından, siyasət və iqtisadiyyatdan tutmuş, mədəniyyətə və idmanadək həyatın bütün sahələrində uğurlardan xəbər verir.
Diplomat Azərbaycan-Ukrayna münasibətlərinin yüksək səviyyəsini, ardıcıl inkişaf etdiyini və dərinləşdiyini də nəzərə çarpdırdı.
Xatırladaq ki, səfir Tələt Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı və möhkəmləndirilməsi işinə sanballı töfəsinə görə Ukrayna Prezidenti Leonid Kuçmanın Fərmanı ilə bu ölkənin yüksək mükafatı - “Xidmətlərə görə” ordeni ilə təltif olunmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev