AZƏRBAYCANIN ÖZBƏKİSTANDAKI SƏFİRLİYİNDƏ 20 YANVAR FACİƏSİNİN ILDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Daşkənd, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyində 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Nərasimdə Daşkənddəki Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələr, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dua oxunmuşdur.
Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev bildirmişdir ki, yanvarın 19-da Mixail Qorbaçov keçmiş SSRİ Konstitusiyasının 119, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud surətdə pozaraq, Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzalamışdır. Bu barədə rəsmi məlumat isə Bakıda qanlı qırğın törədildikdən sonra elan edilmişdir. Həmin gün qaniçən “Alfa”qrupu da Bakıya gətirilmiş, axşam saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılmışdır.
Beləliklə, Azərbaycan informasiya blokadasına alınmış və həmin gecə qanişən sovet ordusu şəhərə daxil olmuş, səhərədək insanlar qanına qəltan edilmişlər. Yalnız səhər saat 7-də Azərbaycan radiosu ilə Bakıda fövqəladə vəziyyət elan olunması ilə bağlı Mixail Qorbaçovun fərmanı oxumuşdur.
Akif Əliyev demişdir ki, qanlı qırğın zamanı qadınlar, qocalar, uşaqlar görünməmiş amansızlıqla qətlə yetirilmişlər. Onların arasında 13 yaşlı uşaq da, 77 yaşlı ağbirçək ana da olmuşdur.
Müvəqqəti işlər vəkili demişdir ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirmiş, bu faciəni törədənləri qətiyyətlə ittiham etmiş və qanlı qırğının məsuliyyətini bilavasitə Mixail Qorbaçovun üzərinə qoymuşdur.
Mərasimdə çıxış edən soydaşlarımızdan Nazlı Pirməmmədova, Həmid Hüseynov və Almaz Məcidova qanlı qırğının təşkilatçılarını lənətləmişlər.
Mərasimin sonunda “Azadlığa gedən yollar” sənədli filmi nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd