AZƏRBAYCANIN QIRĞIZISTANDAKI SƏFİRLİYİNDƏ HEYDƏR ƏLİYEV GUŞƏSİNİN VƏ ULU ÖNDƏRİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı səfirliyində ümummilli liderin anadan olmasının 85 illiyi ilə əlaqədar Heydər Əliyev guşəsinin və ulu öndərin büstünün açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycan Milli Məclisinin deputatları Nizami Cəfərov, Gülər Əhmədova, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin başçısı İsmayıl Ağayev, professor Vaqif Arzumanlı, professor Aqil Hacıyev, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov, Qırğızıstanda fəaliyyət göstərən xarici ölkə səfirləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.
Mərasimi Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev açaraq, ulu öndərin ölkəmizin tarixindəki müstəsna rolundan danışmış, səfirlikdə Heydər Əliyev guşəsinin və büstünün açılışından qürur duyduğunu bildirmişdir.
Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndikdən sonra büstün üzərindən ağ pərdə götürülmüşdür.
Səfirliklər, həmçinin Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi adından abidənin qarşısına əklillər və çiçək dəstələri qoyulmuşdur.
Nizami Cəfərov öz çıxışında demişdir ki, Heydər Əliyev Azərbaycanın müasir tarixini və dövlətçiliyini yaradan siyasətçidir. Ölkəmizin tarixində hələ belə bir şəxsiyyət olmayıb. Heydər Əliyev həmişə qələbə qazanan siyasətçi olmuşdur.
Çingiz Aytmatov bu yaxınlarda Bakıda olmasından, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən, orada 80 illik yubileyinin yüksək səviyyədə keçirilməsindən danışmış, ona bu ölkədə böyük hörmət və ehtiram göstərildiyini bildirmiş, Heydər Əliyevlə dostluğunu yada salmışdır. Ç.Aytmatov demişdir ki, Atatürk Türkiyə üçün kim olmuşdursa, Heydər Əliyev də Azərbaycan üçün o səviyyəli bir şəxsiyyətdir.
Türkiyənin Qırğızıstandakı səfiri xanım Serpil Alpman, Rusiya Federasiyası səfirliyinin birinci katibi Vitali Skrinnik, “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini Əsəd Həsənov və başqaları öz çıxışlarında Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə etmiş, onu keçmiş SSRİ-nin ən nüfuzli şəxsiyyətlərindən biri adlandırmışlar.