SİYASƏT
Azərbaycanın reallaşdırdığı layihələr dənizə çıxışı olmayan ölkələrin nəqliyyat imkanlarını artıracaq
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr xüsusilə dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarını artıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə Ali nümayəndəsi Rabab Fatima Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.
BMT Baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə Ali nümayəndəsi Rabab Fatima rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb. Rabab Fatima Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələrin xüsusilə dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarını artıracağını və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əsaslı töhfə verəcəyinə inamını ifadə edib.