Azərbaycanın Respublika Gününə Kocaelidə böyük maraq göstərilmişdir
Bakı, 1 iyun (AZƏRTAC). Müsəlman və türk dünyasında birinci olaraq müstəqilliyini qazanan ölkəmizin ilk suveren və demokratik dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Mərkəzi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən bu şəhərdəki Seka Parkda qeyd olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Kocaeli Böyük Şəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan gecəyə rəsmi qonaqlar və təşkilatın üzvləri qatılmışlar.
“Seka Park Otel”in restoranında təşkil edilmiş tədbirdə qələbəlik müşahidə olunmuşdur. Güclü yağışa baxmayaraq, insanlar 28 May - Respublika Gününü birlikdə qeyd etmişlər .
Gecədə Tunceli valisi Omsan Kaymak, Kocaeli prokuroru Mustafa Küçük, Kartepenin sabiq bələdiyyə sədri Şükrü Karabalık, Kocaeli əmniyyət müdirinin müavini Erdoğan Taşdemir, İzmit bələdiyyəsinin turizm üzrə əlaqələndiricisi Bekir Serin və Kocaeli Dostlar Qrupunun üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qardaş xalqlarımızın tarixin bütün dövrlərində yaxın olduqlarını, Qurtuluş Savaşı zamanı Azərbaycanın dörd il yarım Türkiyəyə əvəzsiz neft verdiyini xatırlatmışdır.
Azərbaycanın xəzinəsindəki 750 kiloqram qızılın 500 kiloqramını Rusiyaya verərək Türkiyənin silah almasını təmin etdiyini vurğulayan Bilal Dündar Mustafa Kamal Atatürkün Azərbaycanın o vaxtkı rəhbəri Nəriman Nərimanova göndərdiyi təşəkkür məktubunda “Ən qısa zamanda borcunuzu ödəyəcəyik” yazdığını, N.Nərimanovun isə “Qardaşın qardaşa borcu olmaz” cavabını verdiyini yada salmışdır.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Füzuli Nəcəfov isə həmişə Türkiyə və Azərbaycanın bir-birinin yanında olduğunu, iki qardaş ölkə arasındakı əlaqələrin hazırda yeni bir mərhələdə davam etdiyini demişdir. Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin nəsihət etdikləri əlaqələrin hazırda Türkiyə və Azərbaycan prezidentləri tərəfindən qorunub saxlanıldığını deyən Füzuli Nəcəfov Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də mədəni sahədə Türkiyənin strateji tərəfdaşı olduğunu bildirmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki təmsilçisi Kənan Yavuz qardaşlığı yalnız sözdə deyil, əməldə göstərməklə hər iki ölkənin bayrağını gələcəkdə daha da yüksəklərə qaldırmağın mümkün olacağını demişdir. Azərbaycanın və Türkiyənin rəhbərliyi ilə çox əhəmiyyətli layihələrin reallaşdırılmasına diqqəti cəlb edən K.Yavuz “Şahdəniz” layihəsində Türkiyənin ortaqlığını xüsusi qeyd etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin gündən-günə möhkəmləndiyini bildirmişlər.
Ümumilikdə 900 nəfərdən çox qonağın iştirak etdiyi gecədə Kocaeli Universitetində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, İndoneziya, Qvineya, Gürcüstan, Rusiya və digər ölkələrdən olan tələbələr də iştirak edərək əylənmişlər.