AZƏRBAYCANIN SELƏ MƏRUZ QALAN RAYONLARI BU TƏHLÜKƏDƏN XİLAS EDİLƏCƏKDİR
22 milyon ABŞ dolları məbləğində güzəştli kreditin ayrılmasını nəzərdə tutan Sazişi iqtisadi inkişaf naziri Fərhad Əliyev və Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəsi Mətyu Veysfol imzalamışlar.
AZƏRTAC bildirir ki, imzalanma mərasimində layihə haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, layihə Azərbaycanın bir sıra regionlarında sellərin qarşısını almaq, əhalinin təhlükəsizliyini təmin etmək, selin iqtisadiyyata, ekologiyaya təsirinin nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.
Layihə Ağsu, Astara, Balakən, Qəbələ, Qax, Göyçay, İsmayıllı, Oğuz, Şəki, Zaqatala, Qusar rayonlarının, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun selə həssas hissələrini əhatə edəcəkdir.
Sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi 12 rayonda təqribən 215,3 min nəfərin yaşadığı 76,8 min hektar ərazini əhatə edən 5 şəhərin və 43 kəndin seldən müdafiəsini təmin edəcəkdir.
Layihənin texniki-iqtisadi əsaslandırma sənədi hələ 2002-ci il oktyabrın 26-da Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış müqaviləyə uyğun olaraq bu beynəlxalq maliyyə qurumunun ayırdığı 700 min ABŞ dolları məbləğində texniki yardım hesabına hazırlanmışdır.
Layihənin həyata keçirilməsi Meliorasiya və Su Təsərrüfatı Komitəsinə həvalə edilmişdir.