AZƏRBAYCANIN TACİKİSTANDAKI SƏFİRLİYİNDƏ 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Düşənbə, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları burada 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs edən fotoguşəyə ürək ağrısı ilə baxmış, sonra səfirliyin foyesində quraşdırılmış monitor vasitəsilə qanlı qırğının miqyasını göstərən videofilmi izləmişlər.
Azərbaycanın Tacikistandakı səfirliyi adından Tacikistanın Xarici İşlər Nazirliyinə, Düşənbədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, KİV-lərə 20 Yanvar faciəsindən bəhs edən məlumatlar toplusu göndərilmişdir.
Qazaxıstan, İran və Pakistanın Tacikistandakı səfirləri, Düşənbədə akkreditə olunmuş digər səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri səfirliyimizə gəlmiş, buradakı “Xatirə kitabı”na ürək sözlərini yazmışlar.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Vatan” radiosunda və “Veçerniy Duşanbe” qəzetində ölkə ictimaiyyətinə ətraflı məlumat verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə