AZƏRBAYCANIN TÜRKMƏNİSTANDAKI SƏFİRLİYİNDƏ 20 YANVAR FACİƏSİ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, qanlı faciə ilə əlaqədar səfirliyin binası qarşısındakı dövlət bayrağı endirilmişdir. Səfirliyin zalında 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş faciəni əks etdirən materiallardan ibarət xüsusi güşə yaradılmışdır. Mərasim iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlərə baxmışlar.
Anma mərasimi Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Sonra keçmiş səfir E.Hüseynov 1990-cı il yanvarın 20-də zirehli texnika və müasir silahlarla təchiz olunmuş sovet ordusu əsgərlərinin Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə qarşı törətdiyi cinayətlər barədə iştirakçılara geniş məlumat vermişdir. O, ümummilli lider Heydər Əliyevin hadisədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qırğını törədən cinayətkarların adlarını ilk dəfə açıqladığını və onların cəzalandırılması tələbi ilə çıxış etdiyini vurğulamış, Azərbaycan Prezidenti İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açmışdır. 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi diqqətə çatdırılmışdır.
E.Hüseynov ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və xalqımızın üzləşdiyi digər qanlı faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr edildiyini, hazırda Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə fəaliyyətin davam etdirildiyini xüsusi qeyd etmişdir. O, xalqımızın üzləşdiyi faciələr barədə Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir çox sənədli materilların hazırlandığını bildirmiş və dövlət protokoluna uyğun olaraq Azərbaycana gələn xarici nümayəndə heyətlərinin, qonaqların Şəhidlər xiyabanını ziyarət etmələrini, Qanlı Yanvar faciəsinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsini ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardan biri olduğunu demişdir.
Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən respublikada törədilmiş qırğının Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olduğunu, bu hadisənin dünya ictimaiyyətində ürək ağrısı ilə qarşılandığını, Vətəninin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını bildirmişlər.
Tədbirin iştirakçılarına, eləcə də Türkmənistanın Xarici İşlər Nazirliyinə, kitabxanalara, habelə bu ölkədə akkreditə olunmuş diplomatik missiyalara 20 Yanvar faciəsi ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat açıqlaması, xüsusi fotoalbom və Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş türkmən dilində “Bəşəriyyət əleyhinə cinayət” adlı kitablar, eləcə də xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş materiallar paylanmışdır.
Mətbuat açıqlaması səfirliyin internet səhifəsində yerləşdirilmişdir.