SİYASƏT
Azərbaycanın Ukraynadakı səfiri Vinnitsa vilayətində işgüzar səfərdə olmuşdur
Kiyev, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Vinnitsa Vilayət Dövlət Administrasiyasının sədri İvan Movçanın dəvəti ilə həmin regionda işgüzar səfərdə olmuşdur. Bu barədə AZƏRTAC-a diplomatik nümayəndəliyimizdən məlumat vermişlər.
Rəsmi görüş zamanı administrasiyanın sədri İvan Movçan Azərbaycan diplomatını regionun əsas nailiyyətləri və perspektivləri tanış etmiş, maraq doğuran sahələrdə əməkdaşlıq təklif etmişdir. O demişdir: “Vinnitsa vilayətinin son illər sürətlə inkişaf edən aqrar sektorda böyük potensialı vardır. Vilayətdə heyvandarlıq da fəal inkişaf edir, tərəvəz, digər kənd təsərrüfatı məhsulu emalı üzrə struktur müəssisələr formalaşdırmaq və nəticədə keyfiyyətli məhsul əldə etmək üçün yetərincə meydança vardır”.
Regionun başçısı bildirmişdir: “Zənnimcə, burada sizin dövlətin də marağı ola bilər. Biz müəyyən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırıq”.
Səfir Ukraynanın müxtəlif regionları ilə əlaqələr yaradılmasına Azərbaycan rəhbərliyinin xüsusi diqqət yetirdiyini vurğulamış və qeyd etmişdir ki, dövlətlərimiz arasında qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır.
O demişdir: “Elə bir sahə, yaxud və ya elə bir məsələ yoxdur ki, orada Azərbaycan ilə Ukrayna razılığa gəlməsinlər. Biz fəal əməkdaşlıq edirik və əməkdaşlığımızın çox böyük perspektivləri vardır”.
Diplomatik nümayəndəliyimizin başçısı həmçinin xatırlatmışdır ki, noyabrın 14-də Ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna hökumətlərarası birgə komissiyasının iclası keçiriləcəkdir.
Səfir demişdir: “Adətən iqtisadiyyata, aqrar sektora, sənaye və energetikaya bilavasitə aidiyyəti olan münasibətlər müzakirə edilir. Bütün bu sahələrdə vilayətimizin Azərbaycanla səmərəli əməkdaşlıq üçün potensial imkanları vardır”.
O, Vinnitsa vilayətinin rəhbərlərini Azərbaycanın imkanları və potensialı ilə tanış olmaq, onun konkret bir regionu ilə əlaqələr qurmaq məqsədi ilə Azərbaycana gəlməyə dəvət etmişdir.
Görüşdə “Ukrayna azərbaycanlılarının birləşmiş diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov, Vinnitsa vilayət şurasının və şəhərin rəhbərləri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev