SİYASƏT
Azərbaycanın xarici işlər naziri Estoniya parlamentinin sədri ilə görüşüb
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 25-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan Ceyhun Bayramov Azərbaycanın dost Estoniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini vurğulayıb. Ölkələrimiz arasında son zamanlar intensiv dialoqun həyata keçirildiyi, o cümlədən parlament səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirildiyi məmnunluqla qeyd edilib. Nazir cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu, bu müddətdə əlaqələrin inkişafında bir sıra uğurlara imza atıldığını vurğulayıb və gələcəkdə əməkdaşlığın daha da inkişafında maraqlı olduğumuzu diqqətə çatdırıb.
Estoniya parlamentinin sədri Yuri Ratas ölkəmizə səfərinin çox məhsuldar olduğunu qeyd edib, Azərbaycan dövlətinin başçısı ilə keçirilən görüşü, Şuşa şəhərinə səfərini məmnunluqla xatırladıb. O, iki ölkə arasında tarixi bağların olduğunu vurğulayaraq, Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Görüşdə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadi, informasiya texnologiyaları, ətraf mühit, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə informasiya texnologiyaları, təhsil, alternativ enerji sahələrində əməkdaşlığın inkişafı potensialının olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Estoniya parlamentinin sədrinə bölgədə mövcud münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, geniş bərpa və quruculuq işləri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, o cümlədən Brüsseldə liderlər arasında baş tutan görüş barədə məlumat verib.
Yuri Ratas Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini qeyd edib və ölkəsinin bölgədə sülhün təmin edilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Söhbət zamanı, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.