AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının qədim milli mərasimlərindən olan Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Yüz illərdir ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətini, milli-mənəvi adət-ənənələrini günümüzəcən qoruyub saxlamışlar.
Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, yəhudi icması bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Hər il təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə sevinc və səadət arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il.