Azərbaycanın Yekaterinburqdakı baş konsulu “RAE-2015” sərgisində olub
Moskva, 11 sentyabr, AZƏRTAC
Rusiyanın Nijni Tagil şəhərində, silah və hərbi texnikanın ixtisaslaşdırılmış dövlət nümayiş-sərgi mərkəzində “Russia Arms EXPO-2015” X Beynəlxalq silah, hərbi texnika və döyüş sursatı sərgisi (RAE-2015) keçirilir.
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu Sultan Qasımov sentyabrın 9-10-da fəxri qonaq kimi sərgidə olub. S.Qasımov Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev ilə görüşüb. Görüşdə Azərbaycan ilə əməkdaşlığın perspektivləri, o cümlədən sentyabrın sonlarında Yekaterinburqda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Rusiya biznes forumuna hazırlıq məsələləri müzakirə edilib.
Qubernator Bakıya ötənilki səfərindən və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən razılıqla danışıb.
Baş konsul S.Qasımov Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Andrey Sobolev və “Uralvaqonzavod” ASC-nin baş direktoru Oleq Siyenko ilə də görüşlər keçirib.
“Russia Arms Expo” Rusiyanın və xarici ölkələrin istehsalı olan silahların ən iri beynəlxalq sərgilərindən biridir. Bu il sərgidə 50-dən çox yaxın və uzaq xarici dövlətin 400-dən çox eksponenti nümayiş olunur, hərbi idarələrinin nümayəndələri, o cümlədən müdafiə nazirləri, baş qərargah rəisləri iştirak edirlər. Sərgi ilə 20 mindən çox adam tanış olub.
Rusiya Hökumətinin sədri Dmitri Medvedev də sərgiyə gələrək, yeniliklərə, habelə müasir hərbi texnika və silahların döyüş nümunələrinə tamaşa edib, onların texniki və döyüş göstəriciləri ilə tanış olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva