Azərbaycanla İran gömrükçüləri mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsini müzakirə edib
Bakı, 11 fevral, AZƏRTAC
İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib. Tədbir İran İslam Respublikası Gömrük Administrasiyasının dəvəti əsasında baş tutub.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və İran arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyi, iki ölkə arasında təsdiq olunmuş beynəlxalq baytarlıq sertifikatı əsasında İranın ərazisindən tranzit keçməklə iri və xırdabuynuzlu heyvanlar, atlar, diri quş və quşçuluq məhsullarının, birgünlük cücələr və damazlıq yumurtaların ölkəmizin digər regionlarından Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə daşınmasının təmin edilməsi məsələləri müzakirə olunub.
Azərbaycan tərəfindən görüşdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, komitənin digər məsul şəxsləri və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Qalib Əbdüləliyev iştirak edib. İran tərəfindən isə görüşə Gömrük Administrasiyası Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Hossein Kakhki, Ərdəbil Ostanının Gömrük İdarəsinin rəhbəri Pərviz Təqəvi, Astara, Biləsuvar və Culfa gömrük-keçid məntəqələrinin rəhbərləri və İran İslam Respublikası Baytarlıq Xidmətinin məsul vəzifəli şəxsləri qatılıb.
İranın Gömrük Administrasiyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi H.Kakhki Azərbaycan və İran arasında mövcud əlaqələrdən danışıb, iki ölkənin əlaqələrinin möhkəm dostluq və yüksək strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi, ticarət dövriyyəsinin həcminin artdığı qeyd olunub.
Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi D.Fərzəliyev Azərbaycan və İran arasında qarşılıqlı münasibətlərin strateji əməkdaşlıq səviyyəsində daha da genişləndiyini, gömrük orqanlarının da bu əlaqələrin inkişafına öz töhfəsini verdiyini deyib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Q.Əbdüləliyev Azərbaycan-İran gömrük xidmətləri arasında sıx əməkdaşlığın digər qurumların işinə də müsbət təsir göstərdiyini bildirib, iki ölkənin müvafiq qurumları arasında əvvəlcədən aparılmış səmərəli danışıqlar nəticəsində beynəlxalq baytarlıq sertifikatının tətbiqinə razılıq verildiyini diqqətə çatdırıb.
Görüşdə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə və əks istiqamətdə göndərilən diri heyvanların və quşların İranın ərazisindən tranzit keçidinin təmin edilməsi məsələsinin icrasına başlanılması ilə bağlı razılıq əldə edilib. Artıq fevralın 10-dan etibarən sadalanan məhsulların tranzit keçidi təmin edilir.
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.