Azərbaycanla Qırğızıstan arasında elm və təhsil sahələrində əlaqələrə dair müzakirələr aparılıb
Bişkek, 17 may, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun bu ölkənin təhsil və elm naziri Gülmirə Kudayberdiyeva ilə görüşündə elm və təhsil sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Səfir ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan danışıb, bütün sahələrdə əlaqələrin bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. O, bu ilin mart ayında Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi ilə əlaqədar tədbirin, aprel ayında isə ulu öndər Heydər Əliyevin 95 illiyə ilə bağlı Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “dəyirmi masa”nın keçirilməsi haqqında məlumat verib. Səfir bu ilin iyun ayında Qırğızıstan Milli Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyini bildirib və naziri bu tədbirə dəvət edib.
Nazir hər iki tədbir haqqında məlumatlı olduğunu bildirib, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirdə iştirak üçün dəvəti məmnunluqla qəbul edib. Diplomat bu il sentyabr ayının 26-dan 28-dək Bişkekdə MDB-yə üzv ölkələrin müəllimələrinin qurultayının keçiriləcəyi haqqında məlumat verib, tədbirdə iştirak etməsi üçün Azərbaycanın təhsil nazirinə artıq dəvətin göndərildiyini bildirib.
Nazir iki ölkənin ali məktəbləri arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib, orta məktəblər arasında da əməkdaşlıqda maraqlı olduqlarını deyib və bu sahədə təcrübənin yaxından öyrənilməsi üçün nazirliklər arasında görüşlərin keçirilməsinin vacibliyini bildirib. Səfir ölkələr arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş layihəsindən söz açaraq, 1993-cü ildə belə sazişin imzalanmasına baxmayaraq, yeni saziş üzrə işin aparılmasının vacibliyini qeyd edib.
Nazir bu məsələni nəzarətə götürəcəyini bildirib.
G.Kudayberdiyeva, həmçinin 2016-cı ildə Baş nazirin müavini vəzifəsində işləyərkən Bakı Beynəlxalq Humanitar Forumunda Qırğızıstan nümayəndə heyətinin rəhbəri kimi Azərbaycana səfəri zamanı Bakının gözəlliyinə heyran qaldığını, Azərbaycanın dinamik inkişafından qurur duyduğunu bildirib.
Səfir qeyd edib ki, qardaş ölkələr arasında təhsil və elm sahəsində əməkdaşlığın bu səviyyədə inkişafı dövlət başçılarımızın maraq dairəsindədir.
Sonra tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek